Mütəxəssis: Dollar satmayan bankları məhkəməyə vermək olar | Banco.az

Mütəxəssis: Dollar satmayan bankları məhkəməyə vermək olar

“Hazırda bir çox banklar Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi məzənnəyə uyğun dollar satmaqdan imtina edir”.

Hüquqşünas Pərviz Məmmədov deyib ki, bu da kobud qanun pozuntusudur. 

“Çünki bütün bankların xarici valyutada aktivləri vardır və bu barədə onlar mütəmadi olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) hesabat verirlər.

Bəzi banklar isə yalnız şirkətlərə, digər qismi isə yalnız öz müştərilərinə xarici valyuta satır. Bununla da kobud diskriminasiyaya yol verilir.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını məhdudlaşdırmaq qadağandır.

Həmçinin həmin maddəyə əsasən, heç kəsə irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə zərər vurula, güzəştlər və ya imtiyazlar verilə, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

Mülki Məcəllənin 408.2-ci maddəsinə əsasən, şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır.

Yəni, sizə müvafiq məzənnə ilə valyuta satmaq və ya göstərilən məzənnə ilə manat vermək bankın öhdəliyidir. 

Ən sərfəli kredit üçün müraciət et

Bu zaman siz növbəyə durmaq üçün aparatdan nömrə götürmüsünüzsə, bu sizin bankın elan etdiyi məzənnə ilə razı olduğunuzu (ofertanın aksepti) bildirir və bank artıq sizin istədiyiniz məbləğdə dollar satmalıdır və eləcə də verdiyiniz dolları alıb sizə manat verməlidir.

Bank bunu etmirsə, artıq bu halda Mülki Məcəllənin 407.1-ci maddəsinin tələblərini pozur. Həmin maddədə deyilir: 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır”.

P.Məmmədov həmçinin qeyd edib ki, dollar satmadığı üçün bankı məhkəməyə də vermək olar:

“Bunu əsas gətirərək siz məhkəmə qaydasında bankdan məhkəmə qərarının nə vaxt çıxmasından asılı olmayaraq banka dollar almaq üçün getdiyiniz günün məzənnəsi ilə dollar ala biləcəksiniz. Çünki məhkəmə bankın öhdəliyini pozduğu günün məzənnəsini əsas götürəcəkdir.

Bəzi banklar dolların elan edilən məzənnəsi ilə yalnız şirkətlərə dollar satdıqlarını bildirirlər, bu da öz növbəsində kobud qanun pozuntusudur və ayrı-seçkilikdir.

Belə hallarda məhkəməyə müraciət edərkən bankın həmin gün üçün etdiyi valyuta əməliyyatları barədə məlumat verməsini tələb edin və görəcəksiniz ki, bank əslində həmin gün həm vətəndaşlara, həm də şirkətlərə dollar satışı edib, sadəcə ayrı-seçkilik etməklə, qanunu pozmaqla, bu cür əməliyyatlar həyata keçirib”.

Mənbə: Marja.az