Bu dəqiqələrdə dünya birjalarında avronun ABŞ dollarına qarşı məzənnəsi 1,0413 USD/EUR səviyyəsinə enərək son 14 ilin minimumunu yeniləyib.
Dünən, dekabrın 14-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 0,25 faiz bəndi artırması və 2017-ci il üçün 3 dəfə daha faizləri artıracağı barədə fikirlər səsləndirməsi dolların məzənnəsini dünyanın demək olar ki, əksər valyutalarına qarşı möhkəmləndirib. Belə ki, dünən 1,0670 olan USD/EUR məzənnəsi hazırda 2,4% azalaraq 1,0413 USD/EUR-a düşüb.
Dolların məzənnəsində müşahidə olunan artımın qısa müddət ərzində paritetə qədər davam edəcəyini proqnozlaşdırılır: "Uzunmüddətli perspektivdə isə dolların avrodan baha olacağı və məzənnənin 0,85 USD/EUR səviyəsinə enəcəyi ehtimal edilir".
Xatırladaq ki, FES-in uzunmüddətli perspektivdə faizləri 4%-ə çatdıracağı proqnozlaşdırılır.
Mənbə: Report.az