Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək.
Bunu Prezident İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərmanını şərh edərkən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər.
Bildirilib ki, qeyri-resurs sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir:
"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin memarlığı ilə milli iqtisadiyyatın əsas inkişaf istiqamətləri elan edilib, uğurlu neft strategiyası həyata keçirilib, infrastruktur yaradılıb, iqtisadi təhlükəsizliyin əsas elementləri - enerji, maliyyə, ərzaq və nəqliyyat təhlükəsizliyi təmin edilib, əhalinin rifah halı yaxşılaşdırılıb, özəl sektorun rolu gücləndirilib və Azərbaycanın dünya iqtisadi düzənində özünəməxsus mövqeyi müəyyənləşdirilib.
Prezident İlham Əliyev tərəfindən uğurla aparılan davamlı islahatlar nəticəsində Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. İstər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin tamamı ilə aşağıdakı fayldan tanış ola bilərsiniz.