“BP-Azerbaijan” və tərəfdaşları Sahibkarlığın İnkişafı Proqramının müddətini uzadıb | Banco.az

“BP-Azerbaijan” və tərəfdaşları Sahibkarlığın İnkişafı Proqramının müddətini uzadıb

“BP-Azerbaijan” və onun ölkədəki Azəri-Çıraq-Günəşli, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Cənubi Qafqaz Boru Kəməri  layihələrindəki tərəfdaşları Sahibkarlığın İnkişafı Proqramının yeni müddət üçün təqdimatını keçirib.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu tədbir BP şirkətinin Azərbaycanda yerli bazarın inkişafını dəstəkləmək istiqamətində  gördüyü davamlı öhdəliyin bir hissəsidir.

Onun sözlərinə görə, BP və tərəfdaşları 2007-ci ilin iyun ayından həyata keçirdiyi sahibkarlığın inkişafı proqramının məqsədlərini daha da genişləndirməklə onun müddətini uzatmaq qərarına gəlib: “Bu proqram yerli şirkətlərin və biznesin dəstəklənməsinə yönəlmiş bütün səylərimizin əsas xəttini təşkil edir. 2007-ci ildən başladığı vaxtdan bəri bu proqramda iqtisadiyyatın müxtəlif sahələrini və sektorlarını təmsil edən təxminən 2000 yerli kiçik və orta  müəssisə iştirak edib. Onlardan təxminən 200-ü kursu bitirərək artım, inkişaf və təkmilləşmə vasitəsilə yüksək nəticələrə necə nail ola bilmək yollarını və bacarıqlarını öyrənib”.

Ən sərfəli kredit üçün müraciət et

O qeyd edib ki, BP və tərəfdaşları əməliyyatlarında  və layihələrində yerli şirkətlərin iştirakının artmasında maraqlıdır: “Regional strategiyamızda həmişə digər çoxsaylı məqsədlərlə yanaşı aydın bir xətt də olub - Azərbaycandakı şirkətlərin öz bizneslərini inkişaf etdirilməsi səylərinə dəstək olmaqdır. Sahibkarlığın İnkişafı Proqramı genişləndirilmiş məqsədi ilə daha 2 il müddətinə uzadılmaqla yeni mərhələyə başlayır. Yaxın il ərzində layihəyə bir milyon manatdan artıq vəsait yatırılacaq. Bu mərhələdə onu yerli Ekvita MMC şirkəti həyata keçirəcək”.

Mənbə: Apa.az