Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün növbəti hərracı keçirib. Bugünkü hərracda ümumilikdə 18 əmlak özəlləşdirilib. Bunun 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si kiçik dövlət müəssisəsi, 3-ü səhmdar cəmiyyəti, 1-i isə nəqliyyat vasitəsi olub. Hərrac nəticəsində 1,2 mln. manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək.
Komitənin budəfəki hərracı rəqabətli keçib. Bir neçə qeyri-yaşayış sahəsinə verilən sifarişlərin çoxluğu səbəbindən bu əmlakların satışı üzrə hərraclar rəqabətli olub və ən yüksək qiyməti təklif edən qalib elan edilib.
Hərracda satılan istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Özəlləşdirilən iki kiçik dövlət müəssisəsinin biri Bakıda, digəri isə Mingəçevirdədir.
Hərracda özəlləşdirilən “İmişli Pambıq” və “Neftçala Pambıq” səhmdar cəmiyyətləri ölkədə hazırda aktual olan pambıqçılıq sahəsinin inkişafı üçün perspektivli iri müəssisələrdir. Digər iri müəssisə isə Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi olub.
İnvestisiya qoyuluşu sayəsində özəlləşdirilən müəssisələrin tamamilə yenidən qurulması və müasir standartlara uyğun tam fəaliyyəti təmin ediləcək. Hərrac proseduruna əsasən, qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb.
Hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla təmin olunur.
Qeyd edək ki, ƏMDK-nın növbəti hərracı noyabrın 22-də keçiriləcək. Bu hərraca 78 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.
Mənbə: Report.az