Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, görüşdə Azərbaycanla ADB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib, ölkənin bu qurumla birgə həyata keçirdiyi su təchizatı, nəqliyyat - yol şəbəkəsi və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub.
Görüş zamanı ADB-nin 2017-2019-ci illər üçün Azərbaycan üzrə Biznes Planı çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan Cənub Qaz Dəhlizi layihəsi, dəmir yolu nəqliyyatı sisteminin yenidən qurulması və inkişafı, bir sıra sahələrdə texniki yardımlar, eləcə də islahatyönümlü layihələr, maliyyə idarəçiliyi və digər sahələr üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycanın davamlı iqtisadi inkişafını qeyd edən V.Janq etibarlı tərəfdaşlar kimi ADB ilə ölkə arasında birgə həyata keçirilən layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Mənbə: Report.az