"Neft qiymətləri 2040-cı ilə qədər 155 dollara çatacaq" | Banco.az

"Neft qiymətləri 2040-cı ilə qədər 155 dollara çatacaq"

OPEC təşkilatına üzv olan ölkələrin neftinin orta qiyməti 2040-cı ilə qədər nominal ifadədə 155 dollar/barelə (2015-ci ilin qiymətləri ilə 92 dollar/barel) yüksələ bilər. Bu barədə OPEC-in 2040-cı ilə qədər neft bazarı ilə bağlı hazırladığı hesabatda (World Oil Outlook) deyilir.

Sənəddə həmçinin qeyd olunub ki, 2016-cı ildə OPEC neftinin orta qiyməti 40 dollar/barel təşkil edəcək və 2021-ci ilə qədər hər növbəti ildə 5 dollar/barel artım göstərərək nominal ifadədə 65 dollar/barelə (2015-ci ilin qiymətləri ilə 60 dollar/barel) çatacaq. "Bu ehtimallar neft bazarında vəziyyətin tədricən yaxşılaşmasına əsasən verilib", - deyə hesabatda bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Kartelin ekspertləri hesab edirlər ki, bu qiymətləndirmələr proqnoz deyil və OPEC ölkələrinin arzuladığı neft qiymətləri hesab edilməməlidir: "Bu, sadəcə ehtimallardır və bunun əsasında OPEC-in analitikləri proqnozlar hazırlayırlar".

Qeyd edək ki,  OPEC nefti təşkilata üzv olan ölkələrin bütün neft markalarının bazar qiymətinin orta arifmetik qiyməti hesab olunur.

Mənbə: Report.az