Çin devalvasiyaya hazırlaşır | Banco.az

Çin devalvasiyaya hazırlaşır

Çin Xalq Bankı (Mərkəzi Bank) milli valyuta - yuanın mərhələli devalvasiyasını həyata keçirir. Çin Xalq Bankı yuanın oktyabrın 1-dən ehtiyat valyutalar səbətinə daxil olmasına qədər dəstəkləyərək ucuzlaşmasına icazə vermirdi. Lakin oktyabrın 1-dən sonra yuan hər gün ucuzlaşır. Bankın yuanın mərhələli devalvasiyasına razılıq verdiyi hiss edilir. 

"Royal Bank of Scotland"ın ekspertləri hesab edirlər ki, CNY/USD məzənnəsi ilin sonuna kimi 6,90-a qədər arta bilər. Analitiklərin fikrincə, Çin Xalq Bankı ABŞ-la effektiv rəqabət çərçivəsində idarə olunan devalvasiya siyasəti aparır. Faktiki olaraq bu siyasət ticarət və valyuta müharibəsinə bənzəyir. Çin hökuməti uzunmüddətli devalvasiya üçün heç bir əsaslı səbəbin olmadığını bildirsə də, devalvasiya bir ildən artıqdır davam edir və yuan dollarla müqayisədə 8%-ə yaxın ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Yuanın ucuzlaşmasına həmçinin ölkədən valyuta axını dəstək verir. Belə ki, rəsmi rəqəmlərə görə, Çinin valyuta ehtiyatları sentyabrda 20 mlrd. dollar azalaraq son 5 ilin minimal həddinə enib. ABŞ-ın "Goldman Sachs" bankının hesabatına görə, ölkədən real kapital axını sentyabrda 80 mlrd. dollar təşkil edib. İndi maliyyə bazarlarının ən çox ehtiyat etdiyi problem Çin Xalq Bankının yuana nəzarəti itirməsi mümkünlüyü ilə bağlıdır. Çünki yuanın ucuzlaşması dünyanın əksər valyutalarının devalvasiyasına gətirib çıxaracaq.

Mənbə: Report.az