Azərbaycan sənayesi 0,2% artıb | Banco.az

Azərbaycan sənayesi 0,2% artıb

2016-cı ilin yanvar-sentyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,2 faiz artaraq 23 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb, neft sektorunda isə 0,2 faiz azalıb. Sənaye məhsulunun 65,7 faizi mədənçıxarma, 28,2 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 80,6 faiz olub. Ümumi istehsalın 87,2 faizi sənaye məhsulunun istehsalı, 12,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə aralıq məhsulların istehsalı sahəsində istehsalın ümumi dəyəri 14,2 faiz, istehsal vasitələrinin istehsalında 19,4 faiz artıb, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 0,2 faiz, qısamüddətli istifadədə olan malların istehsalı 0,9 faiz, enerji məhsullarının istehsalı 0,6 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2016-cı il vəziyyətinə 349,2 mln. manatlıq hazır məhsul olub.

Ehtiyatların 65,5 faizi Bakı, 6,2 faizi Sumqayıt, 4,3 faizi Gəncə, 1,8 faizi Şirvan, 0,2 faizi Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 24,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Mənbə : apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et