"Beynəlxalq Lizinq"i "Beynəlxalq Sığorta Şirkəti"nin aqibəti gözləmir | Banco.az

"Beynəlxalq Lizinq"i "Beynəlxalq Sığorta Şirkəti"nin aqibəti gözləmir

"Beynəlxalq Sığorta Şirkəti" ASC-nin (BSŞ) fəaliyyətinin dayandırılmasına qərar verilsə də, "Beynəlxalq Lizinq" QSC-ni belə bir aqibət gözləmir". Bunu açıqlamasında lizinq şirkətinin İdarə Heyətinin sədri Elçin Əhmədov deyib.

O, bu barədə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) törəmə sığorta şirkətini bazardan kənarlaşdırmaq barədə qərarına münasibət bildirərkən danışıb: "Rəhbərlik etdiyim şirkət bir qədər əvvəl rebrendinq həyata keçirib, lizinq portfelini getdikcə artırır. Hazırda "Beynəlxalq Lizinq"in yeni biznes strategiyası hazırlanır və ilin sonuna qədər onun təsdiq olunacağı gözlənilir. Əgər bu addımlar atılırsa, onun bazarı tərk etməsindən, fəaliyyətini dayandırmasından söhbət gedə bilməz".

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, oktyabrın 12-də ABB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə BSŞ-nin fəaliyyətinə xitam verilməsi haqqında məsələ daxildir.

"Beynəlxalq Lizinq" şirkəti (əvvəlki "Joint Leasing" şirkəti) 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 360 manat olan 3 500 səhm əsasında formalaşıb. Səhmlər 100% ABB-yə məxsusdur. 

Mənbə : report.az