Bu ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 69 710 müqavilə qeydiyyata alınıb. Məlumata görə, bunun 10 625-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
Bu barədə “Report”a İSB-dən məlumat verilib.
Sentyabrda standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,7 mln. manata yaxın olub.
Ötəni ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3%, sığorta haqlarının məbləğində isə 2,0% artım müşahidə edilib.
Hesabat ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin avqust ayı ilə müqayisədə 2.7% artaraq 81,4 manat təşkil edib.