Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank – bu həftə Cenevrədə keçirilən SIBOS 2016 Beynəlxalq Maliyyə Sənayesi Sərgi-forumunda iştirak edib. Həmişə olduğu kimi, tədbirin işində aparıcı beynəlxalq bankların, maliyyə strukturlarının və korporasiyaların nümayəndələri, habelə müstəqil konsultantlar, maliyyə sektoru üzrə proqram təminatlarının layihəçiləri və təchizatçıları iştirak edib.
Bu il SİBOS-un iclaslarında beynəlxalq maliyyə bazarlarının hazırkı vəziyyəti, “rəqəmsal bankçılıq” modelinə keçid aspektləri, sektorda son texnoloji meyllər, komplayens və risk-menecmentdə yeniliklərin tətbiqi, habelə bank sənayesinin bir çox digər aktual inkişaf məsələləri əsas müzakirə mövzuları sırasındadır.
PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, tədbirin miqyasını nəzərə alaraq, SİBOS beynəlxalq forumu bütün dünya maliyyə sektorunun gələcək inkişaf meyllərini müəyyən edən məsələlərin həll olunduğu biznes-meydançaya çevrilib.
T. Kazımov yekunlaşdıraraq, qeyd etmişdir ki: “Bu mühüm bank tədbirində sayca 7-ci iştirakımızı təkcə imkanlarımızın və ötən il ərzində əldə etdiyimiz nailiyyətlərin təqdim edilməsi prizmasından deyil, həm də bazarın liderləri ilə yeni işgüzar əlaqələrin qurulması və texnoloji yenilikləri ilə tanışlıq prizmasından qiymətləndiririk. Bu səbəbdən SIBOS sərgi-forumu çərçivəsində dünyanın aparıcı maliyyə institutları ilə işgüzar görüşlərimiz keçirilib. Görüşlərin əsas mövzuları ikitərəfli münasibətlərin inkişafı, təcrübə mübadiləsi və ən başlıcası – PAŞA Bankın fəaliyyət göstərdiyi ölkələr olan Azərbaycan, Türkiyə və Gürcüstanın iş adamları üçün dünya arenasında fəaliyyət imkanlarının genişləndirilməsiidi”.
Qeyd edək ki, SIBOS Ümumdünya Banklar-arası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (Society For World wide Interbank Financial Tele communication, SWIFT) təşkilatçılığı ilə həyata keçirilmişdir. Növbəti forum Kanadanın Toronto şəhərində baş tutacaq.
PAŞA Bank
Əmir Məmmədov
Korporativ Kommunikasiyalar Departamenti
Telefon: 012 496 5000
Elektron poçt ünvanı: [email protected]