Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 57 ədəd (-2,2%), ilin əvvəlindən isə 159 ədəd (-5, 9%) azalaraq 2016-cı il avqustun 1-nə 2 535 ATM təşkil edib. Bu barədə "Report"a Mərkəzi Bankdan məlumat verilib.
Bankomatların 1 396 ədədi və ya 55 %-i Bakıda, 1 139-i və ya 45%-i regionlarda yerləşir. İyul ayında paytaxtda 29 bankomat, regionda 28 bankomat ləğv olunub. İlin əvvəli ilə müqayisədə paytaxtda bankomatların sayı 7% və ya 106 ədəd, regionlarda 53 ədəd və ya 4,5% azalıb.
Hesabata əsasən, cari il avqustun 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib.
Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi iyulda 330,4 min manatı keçib. Bu da öz növbəsində əvvəlki ayla müqayisədə 6,6 min manat və ya 2% artım deməkdir.