LIBOR faizləri 7 illik maksimuma çatıb | Banco.az

LIBOR faizləri 7 illik maksimuma çatıb

London banklararası kredit bazarında 3 aylıq faiz (LİBOR) səviyyəsi 2009-cu ildən etibarən maksimal həddə çatıb və 0,83% təşkil edib. "Report", Federal Ehtiyat Sisteminə (FES) istinadən xəbər verir ki, banklararası faizlərin artmasının ağır fəsadları ola bilər. 

Qeyd edək ki, LİBOR bütün dünyada üzən faizli kreditlər üçün baza göstəricisidir. Hazırda belə kreditlərin qlobal kredit bazarında həcmi trilyonlarla dollarla ölçülür. LİBOR-un kəskin artımı isə borcalanların maliyyə vəziyyətinə birbaşa təsir edir, kreditləri bahalaşdırır. Hazırda LİBOR 0,83% olsa da, onun cüzi artımı kredit ödənişlərini milyardlarla dollar artırır.

Xatırladaq ki, LİBOR-un cari səviyyəsi 2011-2012-ci ildəki Avrozona bank böhranı zamanı olan həddən də yuxarıdır. Bu da bankların bir-birinə inamsızlığı zamanı baş verir ki, məhz 2008-ci ildə baş verən maliyyə böhranı da LİBOR-un artmasından sonra başlayıb. Ekspertlər LİBOR-un artmasını həmçinin FES-in yaxın gələcəkdə uçot dərəcəsini artırması gözləntiləri ilə əlaqələndirirlər. Digər səbəb kimi isə ABŞ-da oktyabrda gözlənilən pul bazarı fondlarının islahatları göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

İnvestorlar həmçinin "TED-spread", yəni 3 aylıq LİBOR ilə 3 aylıq xəzinədarlıq notları arasındakı fərqin artdığına diqqət çəkirlər. Qeyd edək ki, xəzinıdarləq notları risksiz aktiv, banklararası faiz isə bankların bir-birinə inamını əks etdirir. Beləliklə, "TED-spread"in artması defolt riskinin yüksəlməsinə gətirib çıxarır. Amma, diqqət çəkən digər məqam odur ki, FES-in faizləri artırması səbəbindən LİBOR da, notların da faizləri yüksəlməli idi. Hazırda isə ancaq LİBOR artır. Bu da maliyyə bazarlarında gələcəkdə kreditlərin bahalaşmasına gətirib çıxaracaq.