Hər birimiz ali məktəbə hazırlaşarkən əvvəlcədən ixtisasımızı və gələcəkdə çalışmaq istədiyimiz peşəni müəyyən edirik. Bank işçisi olmaq istəyənlər isə imtahanda lazimi nəticəni göstərdikdən sonra buna müvafiq ixtisas seçimi edirlər.
Və budur unuversitet həyatı bitir və siz özünüzü tezliklə bankın müsahibə kürsüsündə tapırsınız. Özünüzü təqdim edib bir az danışdıqdan sonra anidən gözlənilən o sual səslənir
Niyə məhz bank işçisi?
Sözsüz, bank müsahibələrinin ən vacib suallarından biri, həm asan, həm də çətindir. Həm çox şey deyə bilərsiniz, həm də çox az.
Az qala, bütün namizədlərə verilən eyni suala fərqli cavab axtarırıq, çünki müsahibədə fərqlilik bizi önə çıxara bilər.
İndi isə özümüzdən soruşaq. Niyə bank işçisi?
Daxili səsimiz (bizi bu sahəni seçməyə həvəsləndirən müsbət tərəflər) :
- Banklar təşkilati strukturları ilə cəlbedicidirlər
- Bankçılıq həm ölkəmizdə, həm də dünyada iqtisadiyyata yön verən böyük bir sektordur
- Karyera yolları və iş şəraiti real sektor firmalarına nəzərən daha aydın və aşkardır
- 10-15 il əvvəl olduğu kimi olmasa da hələ də prestijli bir peşədir
- Ən çox personal qəbulunun edildiyi sektordur
- Həftə sonu, dini və milli bayramlarda qatı iş tətbiqi yoxdur
- Sığorta, bonus və s. kimi üstünlükləri var
Daxili səsimiz (həmçinin qaçılmaz mənfi tərəflər) :
- Əmək bazarı yaxşı vəziyyətdə deyil, bu dövrdə iş tapmaq çox çətindir, məcbur müraciət etdim
- Gec iş saatlarına qədər çalışmalı olacam
- Riskli bir sahədir, bir də müştərilərlə məşğul olmaq məcburiyyətində olacağam
- Çox stressli və yorucu olduğunu söyləyirlər
- Çoxlu bank işçisi var, uzaqdan sadə, hörmətli dayandığına baxma hamısı qan ağlayır :(
- Elə-belə müraciət etdim onsuz da
- Bankda çalışmaq içimdən gəlmir amma məcbur müraciət etdim
Bəli, zehnimizdə minlərlə fikir yaranır. Müsahibəyə girərkən bəzilərimiz həqiqətən nə istədiyini bilərək sonuna qədər mübarizə aparar, bəzilərimiz isə nə istədiyimizə hec cürə qərar verə bilmərik.
Bəzilərimiz isə təki bir iş olsun, hara olur olsun deyirik :)
Namizədlərə isə bunları məsləhət görə bilərik:
- Bankçılığa və banklara deyil, mövqelərə fokuslanın
- Sevərək edəcəyiniz iş təşkilatların böyüklüyündən daha əhəmiyyətlidir. Çünki ancaq sevərək etdiyiniz işdə həm xoşbəxt, həm də müvəffəqiyyətli olma ehtimalınız çox yüksəkdir
- özünütənqid və qiymətləndirmə əlbəttə ki edin, müsahibə müddətini nəzərdən keçirin amma əsla davamlı özünüzü günahlandırmayın
- Müsahibə götürənlər hər zaman ən doğrusunu bilməzlər. Yanlış sual qarşısında doğru cavab vermək qeyri-mümkündür
- Müsahibələrdə hər zaman özünüz olun. Rol oynamayın, bacara bilməzsiniz. Bacarsanız da ya müsahibə kürsüsündə ya da işə girdiyinizdə hər şey üzə çıxar (Həyatınız boyunca rol oynaya bilməzsiniz).
Əsas olan isə bu sahəyə olan marağınızdır, əgər bank sahəsini həqiqətən istəyirsinizsə, buna əsaslı səbəblərin də olacaqdır.