"Mərkəzi Bank mərhələlərlə uçot dərəcəsini artıracaq" - Samir Əliyev | Banco.az

"Mərkəzi Bank mərhələlərlə uçot dərəcəsini artıracaq" - Samir Əliyev

Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə artırdı. Bundan sonra banklar Mərkəzi Bankdan illik 7% dərəcəsi ilə mərkəzləşdirilmiş kredit alacaq. Uçot dərəcəsinin 5 illik fasilədən sonra ilk artım ehtimalı nə qədər gözlənilirdisə, növbəti artım üçün ehtimalı da bir o qədər yüksək idi. Əvvəla, qeyd edək ki, bu artım son deyil. İl ərzində Mərkəzi Bank mərhələlərlə uçot dərəcəsini artıracaq. Hətta ikirəqəmli həddə çatdırılması istisna edilmir. Səbəb aydındır. İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, Mərkəzi Bank bu addımı ilə son aylar artan inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini artırmaq niyyətindədir.

Ölkədə il ərzində 2 dəfə devalvasiya baş verib və manat dəyərini 2 dəfə itirib. İdxaldan asılı olan Azərbaycan üçün dolların bahalaşması yüksək inflyasiya vəd edir. Hətta son aylar alıcılıq qabiliyyətinin itməsi fonunda bir sıra qeyri-ərzaq mallarının ucuzlaşması da inflyasiyanın qarşısını almaq gücündə deyil. Mərkəzi Bank yaxın bir ildə pul kütləsini azaltmaq hesabına, hökumət isə inzibati metodlardan və müəyyən vergi güzəştlərindən istifadə etməklə qiymətləri tənzimləməyə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Ancaq bunun səmərəsi uzunmüddətli ola bilməz. Pul kütləsinin qısa müddətdə 2 dəfəyədək azaldılması iqtisadiyyat üçün arzuolunmaz nəticələrə gətirib çıxarır. Hazırda pul kütləsi 2010-cu il səviyyəsindədir. İqtisadiyyatın həcmi isə həmin vaxtdan xeyli böyüyüb. Pul kütləsini indiki səviyyədə saxlamaq iqtisadi aktivliyi boğmaqla yanaşı hökuməti qeyri-neft sektorunun inkişafı kimi hədəfə çatmasına böyük əngəl yaradır.

Pul kütləsinin məhdudlaşdırılması həm bank sektoru üçün, həm də ümumilikdə iqtisadiyyat üçün çətinliklər yaradır. Məhz buna görə də Mərkəzi Bank gec də olsa əlindəki digər alətləri istifadə etməyə başlayıb. Bu baxımdan uçot dərəcəsinin artırılması davam etdiriləcək. Mərkəzi Bank ehtimal etmək olar ki, iqtisadi aktivliyi artırmaq və manat kreditlərinə əlçatanlığını təmin etmək üçün pul kütləsini artırmaq niyyətindədir və buna görə görə də inflyasiyanı cilovlamaq üçün digər alətlərdən istifadə edir.