500 avroluq əskinasların da yığışdırılması mümkündür
ABŞ-ın keçmiş maliyyə naziri Larri Sammers 100 dollarlıq əskinasları korrupsiya və cinayətkarlıqla mübarizə məqsədilə tədavüldən yığışdırmaq təklifini irəli sürüb. Bu barədə "Report" "The Washington Post" qəzetinə istinadən xəbər verir.
Sammers həmçinin qeyd edib ki, tədavüldən 500 avroluq əskinaslar da toplanmalıdır. O, Harvard universitetinin "Biznes və idarəetmədə problemlərin öyrənilməsi " mərkəzinin araşdırmalarına istinadən bildirib ki, 1 milyon dollar nağd vəsaitin 500 avroluq əskinaslarla çəkisi 1 kiloqramdan az olduğu üçün bu məbləği daşımaq və ötürmək çox asandır. Amma, bu məbləğ 20 dollarlıq əskinaslarla olsaydi çəkisi 20 kiloqrama yaxın olacaqdı. Eks-nazirin fikrincə ABŞ və Avropa İttifaqı 100 dollar və 500 avroluq əskinasların tədavüldən qaldırılması üçün anlaşmalıdırlar.
Qeyd edək ki, fevralın 15-də Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draqi də terrorizmin maliyyələşməsi və vergidən yayınmanın aradan qaldırılması məqsədilə 500 avroluq əskinasların tədavüldən yığışdırılması imkanlarını araşdırır.
"Report"un analitik qrupu hesab edir ki, bu hər iki pul vahidi üzrə adı çəkilən əskinasların tədavüldən yığışdırılması fikirləri sadəcə nağd pul vəsaitlərinin hazırkı böhran situasiyasında iqtisadiyyata axmasını təmin etmək məqsədi daşıyır.