Hər işin başlanğıcı çox vacibdir – bizə mənəvi və fiziki güc, motivasiya verən məhz elə başlama mərhələsidir. Günə müsbət fikirlər və fəaliyyətimizin planlaşdırılması ilə başlamaq bizim gün ərzindəki işlərimizə birbaşa təsir etməkdədir.
Öz təcrübəmi gözdən keçirərək bu mövzuda fikirlərimi yazdım.
1. Şükr edin. Gözünüzü açdıqdan sonra ilk öncə gününüzə şükr etməklə başlayın: əllərinizin, ayaqlarınız, bədəniniz, nəfəs almaq imkanınızın olmasına görə. Günümüzə müsbət fikirlərlə başlamaq çox vacibdir, çünki bədənimizin fiziki gücünü dəstəkləyən müsbət fikirlərimizdir. Nəfəs ala bildiyimiz və fiziki hərəkət edə bildiyimz müddətcə biz çox şanslı insanlarıq.
2. Vizuallaşdırma. Gününüzü beyninizdə canlandırın və vizuallaşdırın. Gün ərzində olacaq görüşləri, edəcəyiniz zəngləri, qısa və uzun müddətli işlərinizi gözünüzdən keçirin. Görüşlərinizdə, zənglərinizdə özünüzü müvəffəqiyyətli, dik duran, dəqiq sözlərlə danışan, uğurlu və özündən əmin bir insanın səs tonunu beyninizdə canlandırın. Öncə Siz özünüz özünüzü müvəffəqiyyətli insan olaraq görməlisiniz ki, digərləri də bu siqnalları Sizin bədən dilinizdən qəbul etsin.
3. İdman. Mütləq hər gün səhər 10 dəqiqə səhər idmanına zaman ayırın. 10 dəqiqə ərzində bədəninizin bütün üzvlərini yavaş hərəkətlərlə hərəkət etdirin. Tibbi bir kitabdan oxuduğum statistika : hər gün səhər cəmi 10 dəqiqəlik yüngül idman hər dəqiqədə nəbzimizin 10 vuruş daha az vurması deməkdir. Bu da bizim qəlbimizin hər sutkada 14.400, ildə isə 5.256.000 dəfə daha az çarpması, və nəticədə daha az yorulması deməkdir. Yüngül idmandan sonra isə yerinizdə oturub qalxın – bu qaçışdan da yaxşı bir hərəkətdir. 5 dəfədən belə başlasanız, bu rəqəmi tədricən artıraraq səhərləri onlarla və yüzlərlə dəfə bunu edə bilərsiniz. Bu haqda çox yazmayacam : sadəcə onu deyim ki, bu hərəkət ən az qaçmaq qədər faydalıdır, amma daha az zərərlidir. Hər gün səhər idman etməyin ÇOX faydaları var, və birinci növbədə odur ki, qan dövranınız güclənəcək, metabolizma daha da yaxşı işləyəcək, özünüzü gün boyu enerjili və gümrah hiss edəcəksiniz.
4. Oxuyun. Hər səhər oxuyun. Bunu vərdiş halına gətirin. Hər gün səhər idmandan sonra 15-30 dəqiqə səssizcə oturun və oxuyun. Gündə “cəmi” 10 səhifə kitab oxusanız, bu ayda bir kitab deməkdir.
5. Gündəlik. Müvəffəqiyyət gündəliyiniz olsun. Hər gün kiçik nailiyyətlərinizi, müvəffəqiyyətləriiniz ora qeyd edin. Ruhdan düşdüyünüz, özünüzü mənəvi olaraq zəif hiss etdiyiniz anlarda bu gündəlik Sizə mənəvi güc və motivasiya verəcək. Çox yox, cəmi 2 dəqiqə zaman ayırın və yazın : “bu gün səhər 10 dəqiqə idman etdim. Istəmirdim, amma etdim. Özümlə fəxr edirəm. Mən güclü insanam” və ya “Bu gün mən 10 dəqiqə daha tez durdum və 10 dəqiqə çox kitab oxudum”.
6. Gündəlik plan. Gününüz üçün plan hazırlayın. Buna çox zaman lazım olmayacaq. Gününüzə plan olmadan başlamayın. Bu qəti bir vərdiş olsun. Görüşlər, gedəcəyiniz yerlər, zənglər, görüləcək işlər : bunların hamısını kağıza və ya komputerə yazın ki, beyniniz bunları sistemləşdirməyə zaman və enerji xərcləməsin.
Belə bir həyatın bir il sonrasını düşünün
- Gününüzə müsbət fikirlərlə başlamağa alışacaqsınız.
- Hər gün səhər idman edən insanın xarici görünüşü vədaxili enerjisi özünü göstərəcək. Hər gün səhər cəmi 10 dəqiqə idman edən və etdiyi hərəkətlərin sayını tədricən artıran insanın bədən quruluşu da dəyişəcək.
- Hər gün oxumaq və yeni fikirlər almaq vərdiş olacaq. Və bir il ərzində 12 kitab oxumuş olacaqsınız.
- Mevəffəqiyyət gündəliyinizdə 365 günün uğurları yazılacaq. Geri baxanda görəcəksiniz ki, uğurlarınız artaraq davam edir. Özünüzə hesabat vermək Sizi daha da disiplinli edəcək.
- Planlı bir insan olduğunuza görə hansısa mövzuların diqqətinizdə qaçması kimi problem aradan qalxacaq və ətrafınızda disiplinl, sözüün ağası bir insan kimi tanınacaqsınız.
Müəllif: Fəxri Ağayev