Motivasiyanı azaldan 8 səbəb | Banco.az

Motivasiyanı azaldan 8 səbəb

Motivasiya işçinin işə bağlılığının ana sütunudur. Motivasiyası aşağı olan və ya tamamilə demotivə olmuş işçi isə “salla başını al maaşını” prinsipi ilə işinizi yarıtmaz vəziyyətə qoyacaq. Bilik və bacarıqlarını, fikirlərini, təkliflərini ən əsası isə ürəyini sizinlə bölüşməyəcək.

-"Bölüşmürsə bölüşməsin! 9 saat işləsin, ondan gələn başqa xeyir mənə lazım deyil" desək nə olar?

Heç nə. Sabah başınız dolların bahalaşmasına görə sıxışdığında maaşı bir neçə gün gecikdirəcəyinizi, bir az başa düşmələrini gözlədiyiniz bir vaxt yanınızda heç birini görməyə bilərsiniz.

Bəs işçiləri demotivə edən səbəblər nələrdir?

Bunu əvvəlcə şəxsi və işlə bağlı olaraq ikiyə ayırmaq lazımdır. M.İ.R. isə bizə işçinin iş yeri və işdən kənar olaraq iki həyatının olmadığını insanın bir həyatının olduğunu öyrədir, biz də məsələni belə ələ almalıyıq. Amma biz bu gün işçinin şəxsi həyatında hər şeyin əla getdiyini düşünərək işdə nələrin onu demotivə edəcəyinə baxaq.

1.Gözləntilərin dəqiq olmaması.

Yəni işçi müdiriyyətin ondan nə gözlədiyini, onun nələri etməli olduğunu bilməməsidir. Bunu aradan qaldırmaq üçün mütləq vəzifə öhdəlikləri açıq yazılmalıdır və işçiyə izah edilməlidir.

Təqribən üç ay əvvəl böyük qurumlardan birində iş analizi apararkən bunun şahidi oldum. İşçilər nə edəcəklərini bilmirdilər. Hətta əksəriyyəti vəzifə təlimatı ilə tanış deyildi. Nə iş görürsünüz? Hansı işləri görməlisiniz? –dedikdə isə aldığımız cavab “nə olsa”, “bizə nəyi tapşırsalar” olurdu.

2. Məlumatın gizlədilməsi, paylaşılmaması.

İşçilər onları maraqlandıracaq səviyyədəki proseslərdən məlumatlı olmalıdırlar. Ətraflarında bir şeylərin baş verməsi amma nəyin baş verdiyini bilməmələri işçiləri demotivə edər. Belə olduğu təqdirdə özlərinə qarşı diqqətsizlik olduğunu düşünəcəklər. İşçiləri proseslərdən kənar saxlamamalıyıq.

3. Həddən artıq nəzarət.

İşçilərin tez-tez yoxlanılması da onları demotivə edən səbəblərdən biridir. Bunun əvəzinə olara müəyyən məsələlərdə qərar alma hüququ verilməlidir. İnsanlar özlərini işin içində gördüklərində işə daha ciddi sarılırlar. Bu insanın təbiətində var.

4. İşçiyə bilik və bacarıqlarından daha aşağı bir işin verilməsi.

Ən sərfəli kredit üçün müraciət et

Əvvəlcə bu sualı özünüzə verin. Siz olsaydınız qabiliyyətinizin çox-çox altındakı bir işi sevə-sevə edərdinizmi? Zənnimcə cavabınız yox olacaq. Çünki bu işdə öyrənəcəyiniz yeni şeylər ya yoxdur ya da yox qədər azdır. Bu həm də işçinin qürurunu incidə bilər. Belə halların olmaması üçün iş planlanmasının düzgün aparılması lazımdır.

5. İşçilərə yalan danışılması və dedi-qodu.

Siz nəzarətinizdə olan işçilərə tez-tez yalan danışsanız nə olar? Əlbəttə oların sizə hörməti və inamı qalmaz. İş yerindəki münasibətlər motivasiyaya müsbət və mənfi yöndə təsir edə bilər. İşçinin yanında başqa bir işçinin dediqodusu edilməməlidir. Bəlkə də məqsədiniz işçiniz və ya iş yoldaşınız ilə səmimiyyət qurmaqdır amma diqqət edək qaş düzəldirəm deyib göz çıxartmayaq.

6. Təkliflərin hər dəfə rədd edilməsi.

Əgər işçiniz sizə yeni təkliflərlə gəlirsə bu işçini öpüb gözün üstünə qoymaq lazımdır. Deməli işçi işini sevir, işini fikirləşir, inkişafa meyillidir. Ancaq rəhbərlik hər dəfə işçinin üzünü-gözünü yandırsa, təkliflərini göz ardı etsə bu hərəkət işçini məyus edəcək. Bəlkə də deyilən fikirlər sizə axmaq və mənasız görünə bilər amma bu zaman da işçini diqqətlə dinləyib, fikrinin maraqlı olduğunu ancaq indiki halda bunu edə bilməyəcəyinizi deyə bilərsiniz.

7. Tənqid..Təndiq..Yenə də tənqid.

Tənqid əlbəttə qaçınılmazdır. Amma tənqid edərkən qırıcı deyil öyrədici olmağa diqqət etmək lazımdır. Bunun üçün sendviç yöntəmindən istifadə etmək olar. Fikrinizə müsbət cümlələrlə başlayırsınız, sonra çatışmayanları deyirsiniz, sonda yenə də müsbət hava yaradacaq cümləylə bitirirsiniz. Beləcə siz həm çatışmazlıqları deyəcəksiniz, həm də işçi (iş yoldaşı) ilə aranızda inciklik olmayacaq.

8. Sıxıcı iclaslar.

Çoxunuzun bildiyi kimi iclas darboğazı deyə bir qavram var. Məqsədsiz iclaslar, mövzudan mövzuya keçilən iclaslar, iclas xatirinə keçirilən iclaslar da işçilərinizin motivasiyasını azalda bilər. İclas edərkən nələrin müzakirə olunacağını planlaşdırmaq lazımdır. Əvvəlcədən vaxt limiti qoyulmalıdır. Lazımsız yerə bu müddət keçilməməlidir.

Gördüyümüz kimi sadalananların hamısı qeyri-maddi məsələlərdir. Sadəcə münasibətlərdə müəyyən dəyişiklik etməklə azı səkkiz səbəbdən xilas ola bilərik. Səkkiz səbəbin ortadan qaldırılması ilə kim bilir neçə işçimizi özümüzə dost, biznesimizə ortaq edə bilərik.

 

Müəllif: Vüsal Qasımov