Müəllif: Fəhri Ağayev
Son bir həftədə müxtəlif şirkətlər üçün keçirdiyim müsahibələrdən birində qarşılaşdığım gülməli hadisə və daha sonra isə müsahibəyə gələnlərə vacib məsləhətlərim.
Mən: Kitab oxuyursunuz?
Namizəd: Bəli.
Mən: İndi hansı kitabı oxuyursunuz?
Namizəd : Lotu Bəxtiyar.
Mən : Anladım...
Gənclər, aşağıda olan qeydlərimi diqqətlə oxuyun və nəzərə alın :
1. CV-ni ingiliscə hazırlayanlar. Əgər ingiliscə bir kəlimə belə bilmirsinizsə, bu dildə CV hazırlamağın bir anlamını görmürəm. İş təcrübəsi qismində icra etdiyiniz işlər olaraq yazdığınız işlərin nə olduğunu belə anlamırsınız. Bu ən azı ciddi deyil.
2. Yalan danışmayın. Qətiyyən. 1-2 firmada bəlkə keçə bilər, amma biraz təcrübəsi olan insan Satış rəhbərini satıcıdan ayıra bilir.
3. CV-də “kompüter bilikləri” bölməsində internet yazmayın. Əgər belə bəsit bir məsələni qeyd edirsinizsə, o zaman “iki əlim” var da yazmaq olar
4. “Gələcək hədəfləriniz nədir?” sualın cavabı DÜŞÜNÜN. Məqsədsiz yaşamayın. Özünüz üçün məqsədləriniz olsun, müsahibə üçün yox. Bu suala müsahibə zamanı aldığım standard cavab “müdür olmaq”-dır. Hansı sahədə, şirkətdə, bölmədə, istiqamətdə, necə, nə zaman?
5. “Satış mütəxəssisi” üçün müraciət edənlər – ilk öncə öz biliklərinizi və bacarıqlarınızı satın!!!! Bir insan özü haqqında 2 dəqiqə ərzində dolğun, sistemli, yadda qalan, təsir edici məlumatlar verə bilməlidir.
6. Ən əsası… Arzularınızı satmayın. ÇOX üzülürəm. “Tibbdə oxumaq istəyirdim, amma olmadı, kimya oxudum” tərzində sözləri çox eşidirəm. Arzularınızdan imtina etməyin, onları heç kimə hədiyyə etməyin, təslim olmayın.. Sonra gözünüz daim geridə qalacaq. Arzularınızı möhkəm tutun və təslim olmayın.