22 iyul 2015-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti yenidən formalaşdırılıb. İndi bank qarşısında mühüm vəzifələr durur. Bankın yeni rəhbərliyinin gələcəyə baxışı necədir? Regionun ən böyük maliyyə qurumlarından olan bu bankın fəaliyyətində müsbət dəyişikliklərin baş verməsi üçün ilk mərhələdə hansı addımlar atılacaq? Sualları Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Elmar Məmmədov "APA"ya müsahibəsində cavablandırıb.
- Azərbaycan Beynəlxalq Bankında xidmət səviyyəsinin yüksəldilməsinə də ümid etməyə dəyərmi?
- Bu, ilk mərhələdən qarşıya qoyduğumuz əsas hədəflərdən biridir. Bankın xidmət şəbəkəsinin daha səmərəli şəkildə idarə olunması, müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi, korporativ mədəniyyət normalarına riayət olunması üçün yeni konsepsiya hazırlanır və ən yaxın zamanlardan etibarən bu konsepsiyanın tətbiqinə başlanacaq. Əlbəttə, cəmi bir neçə gün içində bu sahədə başqaları üçün bir nümunəyə çevriləcəyimizi söyləmək böyük iddia olardı. Hələ bu istiqamətdə görüləsi çox işlər var. Bununla belə, əminik ki, Azərbaycan Beynəlxalq Bankı da çox qısa zaman ərzində müştəri məmnuniyyətini öz fəaliyyətində əsas korporativ dəyərlərdən birinə çevirə biləcək.
- Xarici maliyyə qurumları ilə əməkdaşlıq əlaqələri davam etdiriləcəkmi?
- Azərbaycan Beynəlxalq Bankı xarici maliyyə institutları ilə əməkdaşlıq sahəsində çox zəngin tarixi ənənələrə malikdir və bu sahədə həmişə seçilib. Bank dünyanın 100-dən artıq maliyyə institutu ilə əməkdaşlıq edir. Bu faydalı əməkdaşlıq ənənələri yenə qorunur və əlaqələrin gələcəkdə də davam etdirilməsi istiqamətində mövcud vəziyyətə uyğun işgüzar müzakirələr aparılır. Azərbaycan Beynəlxalq Bankı xarici partnyorlarla münasibətlərin davam etdirilməsində maraqlıdır və hazırda ikitərəfli görüşlər keçirilərək gələcək əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilir.
- "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması məsələsinə verilən şərhlər bu bankda əmanəti olan müştərilərdə müəyyən narahatlıqlar da yaradıb. Bir çoxları belə hesab edir ki, özəlləşdirilmə tədbirləri onların Azərbaycan Beynəlxalq Bankında qorunan vəsaitlərinə müəyyən təhlükə yarada bilər. Bu narahatlıqların bir əsası varmı?
- Azərbaycan Beynəlxalq Bankı adından birmənalı şəkildə qeyd etmək istərdik ki, belə narahatlıqlar üçün heç bir əsas yoxdur. Əfsuslar olsun ki, kütləvi informasiya vasitələrində özəlləşdirmə mövzusuna verilən şərhlər bəzən Fərmanın məzmununu təhrif edir. Ona görə də bu məqama bir qədər təfsilatlı şəkildə aydınlıq gətirmək istərdik. İndiki mərhələdə söhbət Bankın özəlləşdirilməsindən yox, dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsindən gedir. Azərbaycan Beynəlxalq Bankının Səhmdarlarının 22 iyul 2015-ci il tarixli Ümumi Yığıncağında seçilmiş yeni İdarə Heyətinin əsas missiyası da özünün səlahiyyət müddətində - yəni dörd il ərzində Bankın institusional inkişafı ilə məşğul olmaqdır.
Bu müddətdə cəlb olunan resursların, eləcə də verilən kreditlərin faiz dərəcələrinin mümkün qədər aşağı salınması ilə Bankın maliyyə dayanıqlığı gücləndiriləcək. Bankın maliyyə resurslarının idarə edilməsi üzərində nəzarət artırılacaq. Problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi də bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi məqsədinə əsaslanır.
Hazırda Banka sağlam kapital ona görə lazımdır ki, əlavə pul vəsaitləri cəlb edilsin. Dövlətin dəstəyi ilə bankdan problemli aktivlər çıxarılacaq və bu məqsədlə tətbiq edilən düzgün, səmərəli mexanizm Bankın problemli aktivlərinin əvəzinə, real maliyyə resursları cəlb etməsinə imkan verəcək.
Fərmandan da göründüyü kimi, dövlət tərəfindən Azərbaycan Beynəlxalq Bankına dəstəkləyici tədbirlər davam etdirilir və Azərbaycan dövlətinin bu dəstəyi, Bankın gələcəyinə ən böyük zəmanətdir.