Azərbaycanın böyük pul itkisi | Banco.az

Azərbaycanın böyük pul itkisi

Dövlət Neft Fondunun son iki ildə yüz milyonlarla dollar pul itirməsinin səbəbləri açıqlanmır.

“Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Çin aktivlərinə pul yatırması yanlış qərar idi”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Çin valyutasının bu gün 2%-lik devalvasiyasından sonra ARDNF-in 10 milyon dollar itirməsi barədə yayılmış xəbəri şərh edərkən bildirib. Onun sözlərinə görə, bu, çox böyük itkidir: “Vəsaitlər bu il iyulun əvvəlində yatırılıb və bir ay ərzində 10 milyon dollar itirilib.”


İlham Şaban - Neft Araşdırmaları Mərkəzinin rəhbəri

ARDNF Çin aktivlərinə 3 mlrd. yuan (500 mln. dollar) həcmində investisiya yatırmaq üçün 2014-cü ildə Çin Mərkəzi Bankındən müvafiq lisenziya alıb. Çin dövlət istiqrazlarına investisiya isə bu ilin iyul ayında həyata keçirilib. İlham Şaban düşünür ki, bu, yanlış qərar olub: “May ayından hər kəs Çin bazarını tərk edirdi. Heç kim Çin iqtisadiyyatının gələcəyinə inanmır.” 

İnvestorları qaçırdan əsas səbəb Çin şirkətlərinin borcunun həddindən yüksək olmasıdır. "Standard&Poor's" agentliyinin məlumatına görə, hazırda Çin şirkətlərinin borcu 16,1 trilyon dollara bərabərdir və yaxın beş ildə bu borc 28,8 trilyon dollara qalxacaq. Agentliyin ekspertlərinin fikrincə, bu, ölkə ümumi daxili məhsulunun (ÜDM) 160%-inə bərabərdir və ABŞ-ın analoji göstəricisindən iki dəfə yüksəkdir. 2014-cü ilin yekununa görə, Çinin ÜDM-i 10 trilyon dollar ətrafında olub. O, ÜDM-i 17 trilyon dolları ötən ABŞ-dan sonra dünyanın ikinci iqtisadiyyatının sahibidir.

Ekspertlər ehtimal edir ki, şirkətlərin borcunun həddindən yüksək olması Çin iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir: "Uzun illər Çin məmurları iqtisadiyyatın real sektoruna kapital axınının artırılması üzrə tədbirlər görürlər. Hazırda qiymət səviyyəsi durmadan aşağı düşür, gəlirin artım tempi azalır. Belə şəriatdə Çin şirkətləri borclarını ödəməkdə çətinlik çəkirlər. Bu, Çin iqtisadiyyatının sərt tənəzzülünə səbəb ola bilər", - deyə İsveçrənin "UBS" bankının Çindəki filialının aparıcı iqtisadçısı Van Tao bildirib. 


Çin şirkətlərinin borcu 5 ildən sonra ÜDM-dən 2,5 - 3 dəfə çox olacaq 

Təəssüf ki, ARDNF təmsilçiləri bu nüansları nəzərə almayıblar və Azərbaycan xalqına məxsus 500 milyon dolları ciddi risk altına salıblar. İlham Şaban düşünür ki, ARDNF əmlak yatırımlarında da bu cür yanlış proqnozlara yol verir: “Məsələn, 2013-cü ildə Moskvadakı “QUM”un binasına 144 milyon dollar vəsait yatırılıb, indi qiyməti 40 milyon dollara düşüb. Ümumiyyətlə, onda Moskva, Seul, Paris və Londonda alınmış əmlakları 800-900 milyon dollar vəsait yatırılmışdı, indi onların toplam qiyməti 300 milyon dolları keçmir. Həmin əmlaklar alınan ərəfədə bütün dünya ekspertləri neftin həmin vaxtkı yüksək qiymətlərinin köpük olduğunu, qiymətlərin düşəcəyini və əmlak qiymətlərini salacağını deyirdi. Amma ARDNF-də heç kim buna fikir vermədi”,- deyə İlham Şaban vurğulayır. 

Ən sərfəli kredit üçün müraciət et