Müəllif: Bank işi üzrə mütəxəssis, Daşqın Həmidzadə
Hər bir bank işçisinin bilməli olduğu 10 vacib məqam
İstər böyük bir şirkətin üst səviyyədə olan uğurlu bir əməkdaşı olsun, istərsə də kiçik bir şirkətdə ilk təcrübələrini yaşayan birisi olsun - müvəffəqiyyətli olub, hədəflərə çatmaq üçün hər kəs özünün müəllimi və memarı olmağı bacarmalıdır. Buna görə də insanlar hədəflərə çatmaq üçün çox insanın cəsarətinin və gücünün yetməyəcəyi çətin vəzifə və öhdəliklərlə yüklənməyi bilməlidirlər. Bu, hər sektorda olduğu kimi bank sektorunda da belədir. Bunu bilərək hər bir bank əməkdaşı işlədiyi bankın gözləntilərinə uyğun keyfiyyətlər əldə etməklə karyerasını daha uğurlu edə bilər:
1) Hər şeydən əvvəl yaxşı bir işçi çalışdığı şöbənin fəaliyyətinə uyğun istiqamət üzrə bankın daxili prosedurlarını mükəmməl bilməli, digər istiqamətlər üzrə isə nəzəri də olsa biliklərə sahib olmalıdır.
2) Hər bir əməkdaş komputerdən istifadə etmək və çalışdığı bankın sistemini mükəmməl bilməklə yanaşı həmdə çalışdığı sahənin daxili qaydalarını , metadologiyasını və sənədləşmə qaydalarını öz işində düzgün şəkildə tədbiq etməyi bacarmalıdır. Yəni, əgər biznes kreditləri üzrə çalışan mütəxəssis işində tələb olunacaq səviyyədə maliyyə əmsallarını və maliyyə hesabatlarını bilmirsə , onlar arasında əlaqələri düzgün təhlil etməyi bacarmırsa biznesin qiymətləndirilməsi zamanı uğursuluğa düçar olacaqdır ki, bunu da bankın ziyanına atılmış addım kimi qiymətləndirmək olar.
3) Ümumi bank qanunvericiliyi haqqında məlumatlı olmalıdır. Yəni , misal üçün “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılması” qaydaları barədə məlumatı olmayan əməkdaş gecikdirilmiş kreditlərin bank üçün niyə ziyanlı olduğu barədə təhlil aparmaqda çətinlik çəkəcək və ya “Banklar haqqında Azərbaycan Respublikasının Qanunu”nu oxumayan əməkdaş bank sirrinin nə demək olduğu və bankların strukturlarının necə təşkil olunduqlarını bilməyəcək və onlar barədə məlumatsız olacaqdır.
4) Ölkə iqtisadiyyatında bankların önəmi əhəmiyyətli yer tutduğundan bankda çalışan əməkdaşlar iqtisadi və maliyyə sahəsində azda olsa nəzəri biliklərə sahib olmaqla yanaşı həmdə ümumi dünya görüşünü artıracaq məlumatlara sahib olmalıdır. Bu biliklər ona ölkə iqtisadiyyatında baş verəcək hadisələrin işində hansı riskləri yarada biləcəyini təhlil etməyə kömək etməklə yanaşı həmdə mərasim və tədbirlərdə qaçınılmaz suallara görə pis vəziyyətə düşməməkdə köməklik edəcək.
5) Daha çox bilik daha çox özünə inam deməkdir. Buna görə də çalışdığı şöbənin fəaliyyət istiqamətindən asılı olmayaraq hər bir əməkdaş həmdə hüquqi qanunvericilik haqqında məlumatlı olmalıdırlar. Bu, əsasən bankın müştəri ilə birbaşa əlaqədə olan əməkdaşları üçün vacibdir.
6) Hər bir əməkdaş çalışdığı region və ərazini yaxşı tanımaqla yanaşı həmdə regiondakı rəqiblərini və onların məhsul və şərtləri barədə məlumatlı olmalıdırlar. Bundan əlavə isə onlar, gündəlik olaraq hər gün bank haqqında baş verənlər dəyişikliklər barədə informasiyaları izləməlidirlər.
7) Şirkət əməkdaşı geyiminə, xarici görünüşünə, saç düzümünə , şəxsi gigiyenasına və hətta istifadə etdiyi aksessuarlara da xüsusi diqqət yetirməlidir. Deyilənlərdən əlavə olaraq həmçinin bədən dilindən düzgün istifadə etməyi də bacarmalıdır. Bu , şirkət əməkdaşlarına müştərilərə daha dərindən təsir etməyə və onlara daha xoş və yüksək keyfiyyətli xidmət göstərməyə kömək edəcəkdir.
8) Gəlirlər satışlardan formalaşdığı üçün bankın əməkdaşı həmdə yaxşı satıcı olmalıdır. Bunun üçün o, bankın məhsullarını və şərtlərini yaxşı bilməli, özünü satış etmək üzrə təkmilləşdirməli, müştərini dinləmək və onlara qarşı danışıq, davranış və bədən dili qaydalarını düzgün seçməklə müştərini razı sala bilməyi bacarmalıdır.
9) Yaxşı bir əməkdaş yeri gələndə “Hə”, yeri gələndə isə “Yox” deməyi bacaracaq dərəcədə güclü xarakterə sahib olmalı və müştərilərdə banka qarşı inam yaratmaq, yaradıcı olaraq bankın inkişafı üçün təkliflər vermək, punktual olmaq , gərgin iş rejimində çalışmaq, işinə qarşı məsuliyyətli olmaq və s. kimi bəzi bacarıqlara sahib olmaqla yanaşı həmdə hər zaman özünü inkişaf etdirməyə meylli olmalıdır.
10) Hər bir əməkdaş sosial məsuliyyətli olmalı, bank və kommersiya sirrini qorumağı bacarmalı, sosial problemlər çərçivəsində ictimaiyyətin maarifləndirilməsində yaxından iştirak etməli, müştərilərə qarşı ayrı-seçkiliyə yol vermədən onlara qarşı qərəzsiz, tolerant və dürüst olmalıdır.
Beləliklə, şirkətin əməkdaşı hansı sektorda və hansı şirkətdə işləməsindən asılı olmayaraq öz fəaliyyətləri ilə şirkətin imicini və müştərilərin şirkət haqqında düşüncələrini formalaşdırır. Bu səbəbdənhər bir əməkdaş etdiyi bütün davranışlarında öz adıyla bərabər həmdə şirkət adından çıxış etdiyini xatırlamalı və işinə daha məsuliyyətlə yanaşmalıdır.