Naxçıvanlılar nağdsız ödənişə üstünlük verməyə başlayıb | Banco.az

Naxçıvanlılar nağdsız ödənişə üstünlük verməyə başlayıb

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən indiyədək Naxçıvan şəhərində 479 ədəd, rayonlarda və kənd mərkəzlərində isə 504 ədəd olmaqla, ticarət və xidmət müəssisələri, restoranlar, hotellər və digər iaşə obyektlərində ümumilikdə 983 ədəd POS-terminal quraşdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,83% və ya 383 ədəd çoxdur.

Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hazırda muxtar respublikada ödəniş kartlarının sayı 212,2 min ədədi keçib. Bu da hər iki nəfərdən birinin ödəniş kartı ilə təmin edilməsi deməkdir.

Quraşdırılmış bankomatların sayı isə 54-ü Naxçıvan şəhəri, 41-i isə rayon və iri kənd yaşayış mərkəzlərində olmaqla 95 ədəd təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, muxtar respublika ərazisində iki yeni quraşdırılmış "MilliÖN" (milli ödəniş nöqtəsi) terminalı vasitəsilə də vətəndaşlara bank xidmətləri göstərilir.

NMR ərazisində quraşdırılmış POS-terminalların sayında bu günədək müşahidə olunan artım tempi nağdsız ödəniş həcminə də təsirsiz keçməyib. Belə ki, 2015-ci il 1 iyun tarixinə muxtar respublika üzrə POS-terminal və internet üzərindən aparılmış nağdsız əməliyyatların həcmi 1 233,6 min manat təşkil edib. Halbuki, bu göstərici 2014-cü ilin müvafiq dövründə 802,63 min manat olub. Bu da öz növbəsində illik müqayisədə 53,7% artım deməkdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et