Təkrarsığorta sığortanın müstəqil sahələrindən biri olub, ənənəvi olaraq təkrarsığorta təminatı olmayan və sığorta müqavilələri üzrə sığorta ödənişləri verən birbaşa sığortaçını maliyyə itkilərindən müdafiə edir. Təkrarsığorta dünya sığorta sistemində kifayət qədər mürəkkəb proses olan sığorta risklərinin ikinci dəfə yenidən bölüşdürülməsini təmin etməklə birbaşa sığortaçının imkanlarını genişləndirir və sığorta risklərini qəbul etməyə şərait yaradır. Əks təqdirdə isə sığorta məbləğləri miqdarının və ya hadisənin baş vermə ehtimalının yüksək olması ilə sığorta risklərinin qəbul edilməsi qeyri-mümkün olardı.
Bəs müasir sığorta sistemində təkrarsığortanın əhəmiyyəti nələrdən ibarətdir?
- birbaşa sığortaçının riskləri sığortaya qəbul etməsi üçün əlavə maliyyə tutumunun (kapitalının) yaradılması;
- sığortaya qəbul edilmiş riskin (risklərin) ikinci dəfə yenidən bölüşdürülməsi;
- hər bir hesabat ili ərzində sığortaçının fəaliyyət nəticələrinin balanslaşdırılmasının təmin edilməsi;
- sığortaçının illik balansının müdafiə olunması;
- birbaşa sığortaçının vergi planlaşdırılmasında iştirak etməsi;
- birbaşa sığortaçının aktivlərinin toplanılması üçün şəraitin yaradılması;
- birbaşa sığortaçının ödəmə qabiliyyəti göstəricilərinin yaxşılaşdırılmasına təsir etmək;
- sığorta olunmuş risklər üzrə sığorta hadisələri baş verdikdə birbaşa sığortaçının zərərləri daha tez tənzimləmək üçün onu tez satıla bilən aktivlərlə təmin etmək.
Təkrarsığorta öz mahiyyətinə görə beynəlxalq biznes olub, sığortaya qəbul edilmiş risklərin sonrakı bölüşdürülməsi olduğundan ikili məqsəd daşıyır ki, bu da başlıca olaraq xarici kapitalın cəlb edilməsi ilə təmin edilə bilər. Birbaşa sığorta bazarına nisbətən təkrarsığortanın müasir dünya bazarı sığorta, bank, ehtiyat kapitallarının qloballaşdırılması və birləşdirilməsi proseslərinə daha çox məruz qalır.
Təkrarsığortanın tipləri:
- klassik;
- maliyyə.
Təkrarsığortanın formaları:
- fakultativ;
- obliqator.
Təkrarsığortanın növləri:
- mütənasib;
- qeyri mütənasib.
Təkrarsığorta haqqı. Təkrarsığortaçının təkrarsığorta müqavi-ləsi üzrə qəbul etdiyi öhdəliklərə görə sığortaçının ona ödədiyi haqdır.
Təkrarsığorta limiti maksimum məbləğ olub, təkrarsığorta müqaviləsində müəyyən edilmiş təkrarsığorta ödənişini (ödənişləri) həyata keçirən təkrarsığortaçının öhdəliyi hədlərində meydana çıxa bilər.