İyulun 2-3-də Bakıda keçiriləcək VI Beynəlxalq Sığorta Forumunun əsas mövzularından biri dünya iqtisadiyyatında qeyri-sabitlik şəraitində sığorta bazarının inkişafı olacaq. Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov 2015-ci ilin ilk 5 ayının yekunlarına həsr edilmuş mətbuat konfransında deyib.
Onun sözlərinə əsasən, bundan başqa, forumda əmlak sığortası, kənd təsərrüfatı sığortası, həyat sığortası, təkrar sığorta, avtomobil sığortası, o cümlədən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlərin birbaşa tənzimlənməsi prinsipinin tətbiqi, yol-nəqliyyat hadisəsi zamanı zərərin qiymətləndirilməsi sistemi (Audatex), "Yaşıl kart" sistemi və sair ilə bağlı məsələlər müzakirə ediləcək: "Həmçinin forumda bank və bank olmayan kredit təşkilatları vasitəsilə sığorta polislərinin satışı mövzusuna toxunulacaq ki, bu da Azərbaycan üçün xüsusilə aktualdır. Belə ki, bu sahə ölkəmizdə zəif inkişaf edib".
O.Bayramov qeyd edib ki, ilk dəfə forumun sponsorları xarici şirkətlər olacaq: "Onlar arasında "Deloitte", "Swiss Re", "Audatex", "Trust Re" kimi şirkətlər var. Həmçinin 7 yerli şirkət foruma sponsorluq edəcək".
Forumda 250 nəfərin iştirakı gözlənilir. Onlardan yüzü xarici ölkələrdən gələcək.