Amortizasiya haqqında nə bilirik? | Banco.az

Amortizasiya haqqında nə bilirik?

Amortizasiya –aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm sürətdə azalması deməkdir. Sadə dildə desək amortizasiya köhnəlmə deməkdir.

Amortizasiya

1) Əsas fondların, yəni binaların, avadanlıqların, qurğuların və s. bu kimi qiymətlilərin tədricən köhnələrək öz dəyərini hissə-hissə istehsal olunan məhsulun üzərinə keçirməsi;

2) Müəssisə tərəfindən pul vəsaitinin yığılması və köhnəlmiş əsas fondların yeniləri ilə əvəz edilməsi. Hazırda bir sıra ölkələrdə sürətli amortizasiya tətbiq edilir ki, bu da bir tərəfdən, vergiyə cəlb olunan mənfəətin həcmini azaldır, digər tərəfdən, müəssisənin yeni texnika və avadanlıqlarla təchiz edilməsinə

şərait yaradır;

3) Dövri olaraq borca görə faiz ödənişlərinin və hissə-hissə əsas borc məbləğinin ödənilməsi yolu ilə borcun ödənilməsi

4) Borc öhdəliyini təsdiq edən sənədin itməsi və ya oğurlanması səbəbindən həmin borc öhdəliyinin qismən və ya bütünlüklə ləğv edilməsi (etibarsız sayılması).

Amortizasiya dəyəri

Aktivin dəyərinin müəyyən döv rün xərclərinə aid olunan hissəsi. Əsas vəsaitlərin amortizasiya dəyəri onların ilkin dəyərləri ilə ləğv olunma dəyərləri arasındakı fərq kimi hesablanır.

Mühasibat uçotunda bir neçə amortizasiya metodu var:

  • düzxətli metod;
  • qalıq dəyəri metodu;
  • istehsal metodu;
  • istifadə müddətinin illərinin cəmi metodu.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

  • binalar, tikililər və qurğular - 7%-dək;
  • maşınlar, avadanlıq və hesablama texnikası - 25%-dək;
  • nəqliyyat vasitələri - 25%-dək;
  • iş heyvanları - 20%-dək;
  • geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər - 25%-dək;
  • qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
  • digər əsas vəsaitlər - 20%-dək;

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

İlin sonuna əsas vəsaitlərin qalıq dəyəri aşağıdakı üsul ilə müəyyən edilir:

İlin sonuna ƏV qalıq dəyəri = İlin əvvəlinə ƏV qalıq dəyəri + cari ildə daxil olmuş ƏV dəyəri - təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 100 manatdan və ya ilkin dəyərin 5 faizindən az olan ƏV dəyəri.

Ən sərfəli kredit üçün müraciət et

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. 
Binalar, tikililər və qurğular (bundan sonra tikililər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.

Amortizasiya olunmur
Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:

  • elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;
  • məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);
  • heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;
  • istismar vaxtı çatmayan çoxillik əkmələr;
  • kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);
  • tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;
  • konservasiya edilmiş əsas vəsaitlər;
  • ümumi istifadədə olan avtomobil yolları;
  • ümumi istifadədə olan parklardakı avadanlıqlar;
  • istismara verilməmiş anbarda olan əsas vəsaitlər.

Ümumi balans dəyəri – aktivin yığılmış amortizasiya və yığılmış qiymətdən düşmə zərəri çıxılmazdan əvvəl balans hesabatında tanınan dəyəridir.

Balans dəyəri – yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin balans hesabatında tanınan dəyəridir.

lkin dəyər – aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri və yaxud, tətbiq edilməsi mümkün olan təqdirdə, digər Standartların xüsusi tələblərinə uyğun olaraq ilkin mərhələdə tanınmış aktivə aid edilən məbləğdir.

Amortizasiya olunan dəyər – aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (likvidasiya) dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir.

Amortizasiya – istismara yararlı müddətdə aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm olaraq (sistematik) paylaşdırılmasıdır (bölüşdürülməsidir).

Son qalıq (likvidasiya) dəyəri – torpaq, tikili və avadanlıqlara aid aktiv faydalı istismar müddətinin sonunda nəzərdə tutulan vəziyyətə uyğun olduqda, onun satışı ilə bağlı ehtimal olunan xərclər çıxıldıqdan sonra, müəssisə tərəfindən əldə oluna biləcək qiymətləndirilmiş məbləğdir.

Faydalı istismar müddəti – aşağıdakı meyarlara cavab verən dövrdür:

(a) müəssisə tərəfindən aktivin istifadəyə yararlı olması gözlənilən dövrdür, və ya

(b) müəssisənin aktivin istifadəsindən əldə edəcəyi ehtimal olunan məhsul vahidlərinin miqdarıdır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et