Bəs siz bu maliyyə terminlərini bilirdiniz? | Banco.az

Bəs siz bu maliyyə terminlərini bilirdiniz?

Açıq devalvasiya

Ölkənin milli valyutasının sabitliyinin təmin olunması məqsədilə müvafiq dövlət orqanları tərəfindən milli valyutanın məzənnəsinin digər ölkələrin möhkəm valyutalarına və beynəlxalq hesablaşma vasitələri vahidlərinə nisbətdə rəsmən endirilməsi, həmçinin, milli valyuta vahidinin real qızıl məzmununun azaldılması. Bu zaman milli valyutanın məzənnəsinin qaldırılması məqsədi ilə dövlət tərəfindən milli valyutanın əhəmiyyətli həcmdə dövriyyədən yığılması, yaxud dəyərdən düşmüş milli pul nişanlarının yeniləri ilə əvəz edilməsi kimi tədbirlərə əl atılır. Açıq devalvasiya daxili bazarda əmtəə qiymətlərinin azalmasına, ixracın ucuzlaşmasına, idxalın isə bahalaşmasına səbəb olur. 

Açıq səhmdar cəmiyyəti

Səhmləri səhmdarları tərəfindən digər səhmdarlarının razılığı olmadan belə müstəqil surətdə özgəninkiləşdirilə bilən səhmdar cəmiyyət. 

Adsız səhmlər

Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir. ABŞ və Böyük Britaniyada səhmlərin belə forması artıq sıradan çıxmışdır. 

Adlı qiymətli kağızlar (qeydiyyatdan keçmiş qiymətli kağızlar)

Müəyyən şəxsin adına qeydiyyatdan keçirilmiş qiymətli kağızlar. Belə qiymətli kağızların sahibləri haqqında məlumatlar emitent tərəfindən qeydiyyata alınır və onların satışı zamanı sahiblərinin ötürücü yazısı tələb olunur. 

Autsayder

   Müəyyən mülahizələrə, səbəblərə görə inhisar birliklərinə daxil olmayan müəssisələr.

Absentizm

   Hüquqi normalara, o cümlədən əmək qanunçuluğuna məhəl qoymadan, heç bir üzürlü səbəb olmadan işə çıxmama.

Açıq sistem

  Xarici mühitlə əlaqəsi (informasiya, iqtisadi və s.) olan sistem.Belə əlaqə həmin sistemin, o cümlədən təşkilatların səmərəli fəaliyyətinin mühüm şərtidir. İqtisadi və sosial sistemlər açıq sistemlərdir.

Additivlik və qeyri-additivlik

   Sistemin hissələri və tamlığı arasındakı əlaqə, nisbət. Additivlik sistemin, obyektin hissələrinin məcmusundan ibarət olmasıdır. Lakin elə ünsürlər var ki, onlar həmin sistemin xassələrinə uyğun gəlmir, ona görə də qeyri-additivlik təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Akselerator

   İnvestisiya həcmi və dinamikasının istehlak mallarına olan tələbatdan asılı olmasını şərtləndirən iqtisadi model.

Aksiz

   Latınca "accido", fransızca "accise" - "kəsirəm" deməkdir, bəzi istehlak mallarına və xidmətlərə qoyulan dolayı vergi; əmtəənin qiymətinə və ya xidmət tarifinə əlavə edilir və beləliklə, istehlakçılar tərəfindən ödənilir.

Aktivlər

 Keçmiş dövrə aid olan fəaliyyət nəticəsində yaranmış, müəssisənin nəzarətində olan və gələcəkdə iqtisadi mənfəət gözlənilən resurslar.

Aprobasiya

Ayrı-ayrı nəzəri müddəaların, iqtisadi modellərin real həyatda, praktikada yoxlanılması, sınaqdan çıxarılması.

Arbitraj (iqtisadi məhkəmə)

   İqtisadi mübahisələri (müqavilə şərtlərinin pozulması, mülkiyyət hüququnun tanınması, zərərin ödənilməsi, bəzi dövlət aktlarının qanunsuzluğunun aşkar edilməsi, iflasa uğrama ilə bağlı məsələlər və s.) və digər təsərrüfat problemlərini araşdıran məhkəmə orqanı.

Aval

   Veksel zaminlik kağızı, bank təlimatı. Burada avalist veksel sahibi qarşısında vekseldən irəli gələn bütün öhdəlikləri öz üzərinə götürür.

Avtomatlaşdırılmış idarəetmə sistemi

   Kompleks texniki vasitələrdən istifadə əsasında uçot, idarəetmə və müxtəlif hesablamalar məqsədilə informasiyaların toplanmasını, işlənib hazırlanmasını (emalını), saxlanması və verilməsini təmin edən isarəetmə sistemi.

Avuar

   Xarici banka saxlanılmaq üçün qoyulmuş qiymətli kağız və qızıl, bir sözlə, hər hansı bir ölkə bankının xarici bankdakı valyuta vəsaiti.

Azad iqtisadi zona

   Azad iqtisadi zonaya bir növ ixtisaslaşmış iqtisadi zona, birgə sahibkarlıq zonası, azad ticarət zonası və s. daxildir. Azad iqtisadi zona - milli və xarici sahibkarlar üçün güzəştli iqtisadi şərtlərlə nəzərdə tutulmuş məhdud ərazi hissəsinə deyilir.