Beynəlxalq Valyuta Fondu (BVF) manatının məzənnəsinin sərbəst buraxılmasının tərəfdarı olmadıqlarını bildirib.
BVF-nin Bakıda keçirdiyi mətbuat konfransında Fondun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Əl-Marzoqi bildirib ki, Azərbaycan ixracda qeyri-neft sektorunun xüsusi çəkisini artırdıqdan sonra belə bir addım atmalıdır:
“İxracının 95%-ni neft təşkil etdiyi bir ölkədən danışırıqsa, bu şəraitdə sərbəst (üzən) məzənnə mexanizminə keçid tezdir. Rusiya ilə Azərbaycanı müqayisə etmək olmaz. Azərbaycan iqtisadiyyatı neftdən çox asılıdır. Biz tam sərbəst, tələb və təklifə əsaslanan valyuta məzənnəsinə tədricən keçməyi tövsiyə edirik. Ortamüddət ərzində iqtisadiyyatı şaxələndirmək lazımdır. İxracda neft sektrounun payını azaltmaq, qeyri-neft sektorunun payını artırmaq lazımdır. Bundan sonra üzən məzənnə siyasəti barədə danışmaq olar”.
Qeyd edək ki, hazırda Manatın məzənnəsi dollar-avro cütlüyünün daxil olduğu valyuta səbətinə əsasən müəyyən edir. Mərkəzi Bankın müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında iştirakı davam edir.