Neftin dünya bazarlarında qiymətinin 1 barelə görə 50 dollardan aşağı düşmə ehtimalı Azərbaycanın milli valyutasının təkrar devalvasiyasına gətirib çıxarmayacaq.
Banco-nun Trend-ə istinadən yaydığı məlumata görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.
O bildirib ki, buna səbəb Azərbaycan hökumətinin 2016-cı il büdcə layihəsində neftin qiymətini 1 barelə görə 50 dollar nəzərdə tutması olub.
Missiya rəhbəri qeyd edib ki, hazırda ölkə üçün korrupsiyaya qarşı mübarizə, gömrük prosedurlarının, biznes mühitinin təkmilləşdirilməsi əsas məsələdir: "Hökumət xərclərinin azaldığı məlumdur, ancaq yuxarıda qeyd olunan meyarlara əməl edilsə, bu, iqtisadiyyatın canlanmasına gətirib çıxaracaq və milli valyutanın zəifləməsinin qarşısını alacaq".
R.Almarzoqinin sözlərinə görə, Azərbaycan büdcəsində neftin qiymətinin 1 barelə görə 50 dollar nəzərdə tutulması indiki real vəziyyəti çox yaxşı əks etdirir: "Nəzərə alsaq ki, 2019-cu ilədək 1 barel neftin qiyməti 75 dollardan yuxarı qalxmayacaq, o zaman büdcədə neftin qiymətinin indiki 50 dollar səviyyəsində götürülməsi daha münasibdir".
O, əlavə edib ki, bu il Azərbaycan büdcəsində neftin qiyməti 90 dollar/barel səviyyəsində müəyyənləşdiyindən büdcə çox güman ki, tam icra olunmayacaq.