Banklar bank sirrini pozurmu? | Banco.az

Banklar bank sirrini pozurmu?

Devalvasiya nəticəsində dolların kursunun yuxarı qalxması və bundan irəli gələrək əhalinin kredit ödəmə qabiliyyətinin aşağı düşməsi insanların öz borc öhdəliklərini vaxtında yerinə yetirməsinə mane olur. Problemli kreditlərin həcminin artması isə bankları daha sərt tədbirlərə əl atmağa sövq edir. Hüquqşünas ekspert Əkrəm Həsənov bildirir ki, banklar təzyiq aləti kimi borcluların iş yerlərinə müraciət edirlər ki, "işçinizə təsir edin, krediti qaytarsın".

O bildirir ki, məsələnin mənəvi tərəfi haqqında danışmaq onsuz da mənasızdır, amma bu addımla banklar həm də hüquq pozuntusuna yol verirlər. Ekspert bunları bildirir:

“Əsas odur ki, bankların bu əməli ciddi qanun pozuntusudur. Konkret olaraq “Bank sirri” adlanan Mülki Məcəllənin 967-ci və “Banklar haqqında” Qanunun 41-ci maddələri pozulur. Yəni banklar qanunsuz olaraq bank sirrini yayırlar. Məlumdur ki, kreditlər müştərinin bank hesabı vasitəsilə verilir. Sözügedən maddələrə əsasən isə bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Bu məlumatlar yalnız müştərinin özünə və ya müvafiq hallarda aidiyyəti dövlət orqanlarına verilə bilər”

Ən sərfəli kredit üçün müraciət et

Ekspert bildirir ki, məsələ ilə əlaqədar iş məhkəməyə gedib çıxdığı təqdirdə, banklardan şikayət edərkən, o cümlədən məhkəmə prosesi əsnasında bu pozuntunu da qeyd etmək lazımdır.