ABB-nın problemli kreditləri bütünlükdə bank sisteminə təhdiddir | Banco.az

ABB-nın problemli kreditləri bütünlükdə bank sisteminə təhdiddir

ABB sistem əhəmiyyətli bankdır və hər hansı bir problemin yaranması mütləq ölkənin bütünlükdə bank sisteminə təsir göstərir – Banco.az portalına müsahibəsində iqtisadçı ekspert Samir Əliyev bildirib.

Azərbaycan Beynəlxalq Bank (ABB), nəzərə alsaq ki, ölkənin bir nömrəli bankıdır və onun bazar payı, təxminən 40%-ə yaxındır, dövlət bankı olmaqla, sistem əhəmiyyətli bank hesab olunur. Ölkə üzrə kredit qoyuluşlarının 1/3-i, depozit qoyuluşlarının isə 1/4-i Beynəlxalq Bankın payına düşür.

Ekspertin sözlərinə əsasən, indi belə bir situasiya yaranıb ki, artıq Beynəlxalq Bankın zərərli aktivləri, müxtəlif mənbələrə əsasən 6 milyard manata yaxın qiymətləndirilir. Bank hələ ki özü rəsmi rəqəmləri açıqlamır. Bankın kredit portfeli təxminən 7 milyard manatdır və bu portfelin qarşılığında 6 milyard çox böyük bir rəqəmdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, söhbət müxtəlif məşhur iş adamlarının bankdan alıb və geri qaytarmadığı 6 milyard manata yaxın vəsaitdən gedir. Onlar Beynəlxalq Bank vasitəsi ilə dövlətə külli miqdarda ziyan vurublar.  

Azərbaycanda rəsmi statistikaya əsasən problemli kreditlərin həcmi 1,2 milyarddırsa, görün ki, Beynəlxalq Bankın problemli kreditləri müqayisədə nə qədər çoxdur”.

O söyləyib ki, indiki halda Beynəlxalq Bankın  maliyyə vəziyyəti çox acınacaqlıdır. Bankın zərərli aktivləri çoxdur. Lakin dövlət bankı olduğu üçün Beynəlxalq Bank xilas olunacaq.