Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti Moskvada törəmə qurumunun açılması barədə qərar qəbul edib. “Parlamentskaya qazeta” yazır ki, bu barədə Dövlət Dumasının maliyyə bazarı üzrə komitəsinin işgüzar görüşü çərçivəsində Rusiya Federasiyasının hökuməti yanında Maliyyə Universitetinin professoru İrina Yarıgina məlumat verib.
O, qeyd edib ki, Rusiya alternativ maliyyələşdirmə və kreditləşdirmə mənbələri axtarışındadır və İslam bankçılığı belə bir mənbə ola bilər. İ.Yarıginanın fikrincə, Rusiya bazarında yeni maliyyə alətlərinin irəliləyişi kiçik və orta biznesin inkişafının və investisiya fəallığının dəstəklənməsi yolunda atılan əsas addımdır.
İrina Yarıgina deyib: “Biz ilk növbədə regionların iqtisadiyyatının inkişafına kömək göstərə biləcək qanunvericilik təşəbbüsləri üzərində işləyirik. Bundan başqa, Rusiyada beynəlxalq maliyyə mərkəzinin formalaşdırıldığı bir şəraitdə biz bazarın bütün iştirakçılarının maraqlarını nəzərə almalıyıq. İndi yalnız Rusiya Federasiyasına iri sərmayələr qoyulmasına həqiqətən maraq göstərməyənlər kənarda qalırlar”.
Bundan əvvəl xəbər verildiyi kimi, Dövlət Dumasının maliyyə bazari üzrə komitəsi sədrinin müavini Dmitri Savelyev Rusiyada İslam bankçılığı haqqında qanun layihəsi hazırlayır. “Banklar və bank fəaliyyəti haqqında” qanuna düzəlişlər edilməsi planlaşdırılır. D.Savelyev belə hesab edir ki, Rusiyada adətən İslam bankçılığına Tatarıstanda maraq göstərilib və buna görə də perspektivlər tam realdır.
Bu gün dünyanın 40 dövlətində, o cümlədən Qərb dövlətlərində islam bankları açılıb. Bir çox Avropa və Amerika bankları artıq çoxdan islam maliyyələşdirmə sistemindən istifadə edir, İslam bankçılığı prinsipləri ilə işləyən filiallar açıblar. Rusiyada hələlik islam bankı yoxdur. Əsas səbəb müvafiq qanunvericiliyin olmamasıdır.
azertag.az