Dollarla verilən kreditlər qanunsuzdurmu? | Banco.az

Dollarla verilən kreditlər qanunsuzdurmu?

Manatın məzənnəsində baş vermiş dəyişiklikdən sonra bankların bəziləri vətəndaşlara krediti yalnız dollarla verməyə başladı. Bunun səbəbi kimi isə insanların bankdakı əmanətlərini dollara çevirdiyi göstərildi. Yəni banklar vəsaiti dollarla qəbul etdiklərinə görə, dollarla da verməyə məcbur olduqlarını dedilər. Amma bu məsələ birmənalı qarşılanmır. Hüquqşünaslar isə bunu qanunazidd sayır.

Mərkəzi Bankın açıq valyuta mövqeyinə qoyulan limitləri ləğv etməsilə banklar krediti istədikləri valyutada vermək məsələsində daha da sərbəstlik qazandı. Yəni indi nə qanunlar, nə də heç bir normativ sənədlər banklara məhdudiyyət qoyur. Belə olan vəziyyətdə isə müştərilər seçim sərbəstliyini itirir. Bir sıra ekspertlər bunu qanunların boşluğu hesab edir. Məsələn, hüquqşünas Əkrəm Həsənov hesab edir ki, həm Mülki Məcəllədə, həm də Konstitusiyada ölkənin valyutası manat göstərilib. Buna görə, bankların krediti dollarla verməsi doğru deyil.

Qanunverici orqanda isə fərqli düşünürlər. Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü, iqtisadçı Vahid Əhmədov deyir ki, bu boşluq deyil. Sadəcə bundan əvvəl kreditin hansı valyutada olmasının fərqinə varmadan dollarla kredit götürən vətəndaşlar devalvasiya zamanı baş verənlərdən dərs çıxarmalı və daha diqqətli olmalıdır.

“Qanunda boşluq yoxdur. Hər zaman qeyd etmişəm ki, vətəndaşlar imzalanan müqavilələrə diqqət etsinlər. Müqavilələrdə hər bir şey öz əksini tapıb. Çünki banklar öz mənafelərinin daha çox müdafiə etmək istəyir. Məhz vətəndaşlar müqaviləni imzalamadan öncə yaxşı olar ki, oxusunlar”, – deyə Vahid Əhmədov bildirib.

Müqavilə ilə razılaşmayan vətəndaş digər banka müraciət edərsə, bu zaman banklar arasında müştəri uğrunda rəqabət yaranar. Nəticədə, banklar müştərini itirməmək üçün manatla da kredit verməyə məcbur olarlar. 

Nəzərə alsaq ki, kiçik bir ölkə olan Azərbaycanda 45 bank var. Deməli vətəndaşlar daha düşünülmüş qərar verə və seçim edə bilərlər. Artıq bəzi banklar yaranmış vəziyyətdən yaxşı marketinq imkanı kimi yararlanaraq manatla kredit verdiklərini reklam etməyə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et