“Biz hökumətlə birlikdə iqtisadiyyatın əlavə maliyyələşdirilməsi, ucuz maliyyə vəsaitlərinin verilməsini düşünürük”.
Bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov bildirib ki, bunlardan ən önəmlisi ipoteka hesab olunur: “Məsləhətləşmə və fikir birliyi artıq var. Birincisi, biz ipotekaya verilən vəsaiti, ümumi vəsaiti əhəmiyyətli dərəcədə, dəfələrlə qaldırmaq fikrindəyik. Bunun mənbəyini müəyyənləşdirmişik. İkincisi, ipoteka məbləğini - həm kommersiya, həm də sosial ipotekanın məbləğini əhəmiyyətli dərəcədə artırmaq istəyirik. Üçüncüsü, başlıca məqsəd ipotekada iqtisadi aktivliyi canlandırmaqdır. Yəni, bu vəsaitlərin yeni tikintiyə yönəldilməsi istiqamətində vəsaitlərin artırılması buna imkan yaradacaq. Əlaqədar qurumlarla yeni tikintidə alınan mənzillərin özlərinin bilavasitə ipotekaya girov kimi qoyulması məsələsini həll etmək lazımdır. Çünki biz bilirik ki, əhali bununla bağlı çox əziyyət çəkir. Kimsə qohumuna, qonşusuna, yaxınlarına müraciət edib, onların evlərini girov qoymaq istəyir. Burada problemlərin olduğunu bilirik. Dünya praktikasında olan təcrübəyə əsaslanaraq biz ilkin qeydiyyata keçəcəyik”.
Mərkəzi Bank rəhbəri sosial tikintinin ipoteka mexanizmi vasitəsilə maliyyələşdirilməsi üzərində də düşündüklərini bildirib. Bununla yanaşı, Mərkəzi Bank ipotekanın regionlarda geniş tətbiqi niyyətindədir. “Regionlarda çalışan sosial dairənin, hökumətin müəyyənləşdirdiyi təbəqə - müəllimlərin, həkimlərin və digər gənc ailələrin ipoteka ilə təmin olunması mexanizmini də yaratmaq fikrindəyik”, - deyə E. Rüstəmov vurğulayıb.
apa.az