İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Sahibkarlığa Kömək Milli Fondu İmişli rayonunun Ölcələr kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, İmişlidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İmişli rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, intensiv bağçılıq təsərrüfatlarının, "yaşıl market"in və fermer mağazalarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 207 sahibkara 3,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9466 investisiya layihəsinin maliyyələşdirilməsinə 408,6 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 32 700-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində İmişli və ətraf rayonlardan olan 98 sahibkara 896 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, taxılçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 140-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində İmişlidə güzəştli kredit ayrılmış 3800 ha ərazidə iri fermer təsərrüfatına baxış keçirilib. Bu təsərrüfata Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, 30 min hektardan artıq ərazidə 19 iri fermer təsərrüfatının yaradılmasına 47,3 milyon manat dövlətin güzəştli kreditləri verilib.