2014-cü il üzrə dövlət büdcəsinin mədaxili 18400,5 milyon manat, xərcləri 18699,3 milyon manat olub.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 2014-cü il üzrə dövlət büdcəsinin mədaxili 18384 milyon manat proqnoza qarşı 18400,5 milyon manat və yaxud 0,1 faiz çox olub.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 7113,6 milyon manat vəsait təmin edilib ki, bu da ötən illə müqayisədə 449,6 milyon manat və yaxud 6,7 faiz çoxdur.
Həmin vəsaitin 60,5 faizi və yaxud 4306,6 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2013-cü ilə nisbətən 539,7 milyon manat və yaxud 14,3 faiz çoxdur.
2014-cü il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək büdcəyə 1510,8 milyon manat vəsait təmin edib ki, bu da 2013-cü illə müqayisədə 9,2 faiz və yaxud 127,6 milyon manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 207,3 milyon manat təşkil edib.
2014-cü ildə sair daxilolmalardan nəzərdə tutulan 35 milyon manata qarşı büdcəyə 231,8 milyon manat və yaxud proqnoza nisbətən 6,6 dəfə çox vəsait daxil olub ki, bu da 2013-cü illə müqayisədə 132,7 milyon manat və yaxud 2,3 dəfə çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 9337 milyon manat vəsait transfert edilib.
2014-cü ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 4329,9 milyon manat icra olunub.
2014-cü ildə dövlət büdcəsinin xərcləri 93,2 faiz və yaxud 18699,3 milyon manat icra edilib. 2014-cü ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6005,8 milyon manat icra olunub.
Dövlət büdcəsi xərclərinin 24 faizi və yaxud 4485,8 milyon manatı sosial təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2013-cü illə müqayisədə 403,9 milyon manat və yaxud 9,9 faiz çoxdur.
Funksional təsnifata uyğun olaraq, 2014-cü ildə 2013-cü illə müqayisədə sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz (220,8 milyon manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,9 faiz (30,1 milyon manat), təhsil xərclərinə 8,2 faiz (117,6 milyon manat), səhiyyə xərclərinə 7,5 faiz (46,4 milyon manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 6,9 faiz (19,1 milyon manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 5,2 faiz (54,3 milyon manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 4,7 faiz (18,8 milyon manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 3,5 faiz (17 milyon manat), müdafiə xərclərinə 2,1 faiz (31,1 milyon manat) çox vəsait yönəldilib.
2014-cü ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6259 milyon manat vəsait yönəldilib. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 33,5 faiz olub.
2014-cü il üzrə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Dövlət büdcəsinin kəsiri 298,8 milyon manat təşkil edib və kəsir maliyyələşmə mənbələri hesabına bağlanıb.
2014-cü ilin icmal büdcəsinin gəlirləri 23038,2 milyon manat, xərcləri isə 21304,4 milyon manat icra olunub.