Rabitəbankın xalis kredit portfeli 36,46% böyüyüb. Bu haqda Bankın maliyyə hesabatlarına istinad edən Banco.az məlumat verir.
Rabitəbank 2014-cü ilin yekunlarına dair illik hesabatları açıqlayıb. Ötən 1 il ərzində Bankın məcmu kapitalı 10,92% artaraq, 58,479 milyon manata yüksəlib. Bankın aktivlərinin həcmi isə ümumilikdə 20,82% artıb və beləliklə, hazırda 305,054 milyon manat təşkil edir.
2013-cü illə müqayisədə Bankın overdraflar da daxil olmaqla cəmi kredit portfeli 37,59 %, xalis kredit porfeli isə 36,46% artmışdır.
Bununla yanaşı Bankın məqsədli ehtiyatlarının həcmi də əhəmiyyətli dərəcədə yüksəlmişdir. 2013-cü ildə Bankın kreditlər üzrə yaratdığı məqsədli ehtiyatların həcmi 5,421 mln manat olmuşdursa, 2014-cü ildə bu rəqəm 26,025 mln-a çatmışdır.
Müştərilərin müddətli depozitlərinin həcmi 37,98% artdığı halda, cari hesabların sayı -25,65% azalmışdır.
Başa çatmış il ərzində Bankın faiz gəlirləri 94,80 %, qeyri-faiz gəlirləri isə 11,08 % yüksəlib. Bankın faiz xərcləri 24,97 % artdığı halda, qeyri-faiz xərcləri cəmi 6,91 % artıb.
Beləliklə, Bankın vergidən öncəki mənfəəti 4,313 milyon manat, vergi ödəndikdən sonrakı mənfəəti isə 3, 139 milyon manat olmuşdur.
Daha ətraflı şəkildə infoqramda izləyə bilərsiniz.