Onlar niyə Londona getmək istəyir? | Banco.az

Onlar niyə Londona getmək istəyir?

Jurnalistlərdən ibarət seçmə komandamız London səfərinə hazırlaşır.

Bəli, biz seçmə komandayıq – amma bu idmançılardan deyil, jurnalistlərdən ibarət seçmə komandadır. Bizi Paşa Bank və British Council təmsilçilərindən ibarət jüri seçib. Məqsəd isə öyrənmək, öyrətmək və Azərbaycan mətbuatı ilə London arasında bağ yaratmaqdır.

Təlimin necə maraqlı, həyəcanlı və ən əsası da faydalı olması haqqında daha öncəki yazılarımda xeyli söz açmışam. Bu dəfə isə hamının həyəcanla gözlədiyi London səfəri haqqında danışmaq istərdim.

Axı niyə London?

Niyə Londona getmək istərdiniz sualı ilə bir-bir iştirakçılarımıza yaxınlaşdım. Onların səmimi və fərqli cavablarını Sizinlə də paylaşmaq istərdim:

Komandamızın ən gənc üzvü, Lider TV-nin əməkdaşı Aysel Fərziyeva:

“Londona getmək hamıya qismət ola bilər. Amma....”.

Londona getməyi qrupdakı bütün həmkarlarım kimi mən də çox istəyirəm. özü də lap çox. Çünki Londona getmək hamıya qismət ola bilər. Amma Londonda dünyanın aparıcı media orqanlarının redaksiyalarına getmək. onların fəaliyyəti ilə tanış olmaq, oradakı peşəkar jurnalistlərlə, media qurumlarının rəhbərləri ilə görüşmək fürsəti yəqin ki, çox az jurnalist üçün yaranıb. Dünyanın hər yerində izlənən televiziyalarda, bütün ölkələrdə oxunan, istinad edilən qəzet və jurnalların redaksiyalarında olmaq onların əməkdaşlarının təcrübəsini öyrənmək mənim üçün çox vacibdir.

 

 

Cəmilə Babayeva, Oxu.az

Dan Cəmilə haqqında deyir ki. Sən gələcəkdə təlimçi olmaq haqqında düşünməlisən, çünki öyrətmək səndə çox yaxşı alınır.

London hələ məktəbdə ingilis dilini öyrənməyə başladığım andan arzum olub. İngilis dilinin vətəni olan İngiltərənin paytaxtı Londonda addımlamaq, BigBenin səsini hər saatın tamamında eşitməyi hər zaman xəyal etmişəm. Mənim ən çox görmək istədiyim şəhərlər sırasında London birincidir.

Aynur xanım, Bakı Dövlət Universiteti

Aynur xanım. Bizim komandanın bir çox üzvlərinin müəlliməsidir, amma özü də öyrənməkdən heç zaman imtina etmir.

London mənim üçün dünyanın media mərkəzidir. Mənim üçün ən əsası London mediası, Britaniya mediası ilə tanış olmaqdır. Çünki mənim üçün  Financial Times, BBC jurnalistikanın ən yaxşı nümunələridir. Ora getməkdə əsas məqsədim onlarla tanış olmaqdır, bu mənim üçün çox önəmlidir.

 

Nərmin Rəhimova, Report.az

Komandamızın iddialı xanım üzvlərindən daha biri

London həm olmağı arzuladığım şəhərlərdəndir, həm də dünyanın media mərkəzidir. Gedib, orada aparıcı mətbuat orqanlarının iş prinsipləri, işə şəraiti ilə tanış ola biləcəyik. Bu layihə çərçivəsində məşhur media mərkəzlərində olmaq, oradakı jurnalistlər ilə canlı tanışlıq, onların işini yaxından müşahidə etmək, gələcəkdə işimdə öz təsirini göstərəcək.

 

İlahə Xəlilova, Trend.az

İlahə xanım, ölkənin iqtisadi xəbərlərinin trendini müəyyən edir.

Biz maliyyə sektorunda işlədiyimizə görə daima maliyyə bazarını izləməliyik və bildiyiniz kimi London dünyanın əsas maliyyə mərkəzlərindən biridir. Ora gedib, onu canlı şəkildə görmək, oradakı mətbuatın necə işləməsini öyrənmək, onlar ilə tanış olmaq mənim üçün çox maraqlıdır. Mən düşünürəm ki, Azərbaycan gənc ölkədir və mətbuatın inkişafında London təcrübəsindən faydalanmaqla xeyli iş görmək mümkündür. Həm maliyyə bazarının, həm də mətbuatın inkişafı üçün hələ çox iş görmək lazımdır.

 

Vəfa Şəhlayi, ANS TV

Ən sərfəli kredit üçün müraciət et

Danın ən sevdiyi və dəyərləndirdiyi tələbələrdən biridir.

Londona getmək, İngiltərə kimi köklü bir mədəniyyətin, sivilizasiyanın mərkəzini görmək, əlbəttə, arzu olunandır. Üstəlik, bu səfərə BBC, Telegraph kimi nəhəng media qurumlarına, muzeylərə ziyarət də daxildir, ondan heç vaz keçmək fikrim yoxdur. Uşaqlıqdan ingilisi dili kitablarında oxuduğum, mənə əlçatmaz kimi görünən yerləri öz gözümlə görmək istəyirəm.  

 

Əli Kamal, «Кавказский узел»

Onun haqqında deyirlər ki, özü sizə təlim keçə bilər, amma buna baxmayaraq, o bizimlədir.

Mən həmişə Böyük Britaniyaya, İngiltərəyə, Londona böyük hörmətlə və maraqla yanaşmışam. Düzünə qalsa. Avropada mənim elə yeganə görmək istədiyim yer Londondur. Bu həmişə mənim arzum olub, Londonu gözlərimlə görmək, bu şəhərin bir xəyal deyil, gerçək olduğuna əmin olmaq, onun dünyadakı mövcudluğuna inanmaq üçün getmək istəyirəm.

 

 

Vəli Turan, Regional TV

O, təlimlərə qatılmaq üçün hər dəfə Xaçmazdan Bakıya gəlməkdən belə çəkinmir, nə də ki yorulmur. 

Londona getmək səbəbim – Londonu görmək, oradakı jurnalistlərin iş təcrübəsi ilə tanış olmaq və sizinlə yol yoldaşı olmaqdır.

Londonda yerləşən məşhur  KİV-lərdə olmaq və onların iş şəraiti ilə tanış olmaq istəmişəm həmişə. British Council və PAŞA Bank mənə bu arzunu gerçəkləşdirmək üçün əla şərait yaratdı. Həmin KİV-lərin daxili qaydaları, idarəetmə tərzi və digər məsələlər mənim üçün əhəmiyyətlidir. Xüsusilə, media menecmenti ilə bağlı öyrənmək istədiyim çoxlu şeylər var. Birdəki London ölmədən öncə görmək istədiyim şəhərlərin top onluğuna daxildir.

Namiq Hüseynov, Fins.az

Namiq sabiq ANS-çidir, təkcə bu fakt onun haqqında çox şey deyir. 

İqtisadi cəhətdən inkişaf etmiş ölkənin paytaxtıdır. Bu ölkədə media da ölkənin inkişaf səviyyəsinə uyğundur. Həm ölkənin özü, həm də onun mətbuat strukturu inkişaf səviyyəsinə uyğundur. Həmin ölkənin media strukturları və onların iş prinsipləri ilə tanış olmaq mənim üçün maraqlıdır. Bizə bu fürsəti yaratdıqları üçün həm PAŞA Banka, həm "British Council"a təşəkkür edirəm.

Samirə Quliyeva, Azərtac Xəbər Agentliyi

Samirə xanım, Çin dilini bilən yeganə iştirakçıdır.

Londona getmək istəyim, əsasən, işimlə bağlıdır və buna görə də mənə bu layihədə iştirak etməyə icazə verilib. Mənim üçün də ən maraqlısı İngiltərənin nüfuzlu media orqanlarının iş prosesi ilə yaxından tanış olmaqdır. Tezlikdə bizdə iş prosesi dəyişəcək və mən burda öyrəndiklərimin müəyyən hissəsini öz işimdə tətbiq edəcəyəm, əsas məqsədim budur.  

 

 

Və mən Könül Soltanova, Banco.az

Mənim də Londona getmək səbəblərim az deyil. Düşünürəm ki, çıxdığımız bu yolun ən dəyərli mükafatı elə təlim turu olacaq, amma London deyil, başqa bir şəhər olsa belə sevincim qətiyyən az olmazdı. Çünki bu təlim mənə çox şey verdi. İlk növbədə Dan-dən öyrəndiklərim, üçüncü jurnalistlərdən ibarət gözəl bir komanda, istənilən biznesdə ən vacib olan yeni əlaqələr və jurnalistika sahəsində bilmədiyim çoxlu xırdalıqlar.

London isə mənim üçün məhz Dumanlı Albionun paytaxtı, öz soyuqluğu ilə məni cəlb edən, şahmat taxtasındakı kraliça qədər vacib olan, dünya hadisələrinə təsir gücünü daima qorumaya çalışan, tarixi, keçmişi, indisi və gələcəyi ilə məni cəlb edən şəhərdir.