AİF-in istiqrazları illik 3% dərəcə ilə 10 il müddətinə nəzərdə tutulacaq | Banco.az

AİF-in istiqrazları illik 3% dərəcə ilə 10 il müddətinə nəzərdə tutulacaq

Azərbaycan İpoteka Fondunun (AİF) doqquzuncu emissiyadan 50 mln. manat məbləğində istiqrazlarının tədavül müddəti 10 il təşkil edəcək. Bu barədə fondun məlumatında qeyd edilir.

Xəbər verildiyi kimi, 30 dekabr 2014-cü il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi AİF-in 50 mln. manat məbləğində istiqrazlarının doqquzuncu emissiya prospektini qeydiyyata alıb.

Fondun məlumatına əsasən, emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 50 min ədəd təmin edilmiş istiqraza bölünüb. İstiqrazların tədavül müddəti 10 il, illik faiz dərəcəsi 3%-dir.

Xəbər verildiyi kimi, 2009-2014-cü illərdə AİF səkkiz emissiya çərçivəsində ümumilikdə 340 mln. manat məbləğində istiqraz yerləşdirib.

AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Ən sərfəli kredit üçün müraciət et

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

2013-cü ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 112,9 mln. manat, 2014-cü ilin yanvar-noyabr aylarında 92 mln. manat təşkil edib.

interfax.az