Mərkəzi Bankın sədri Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidentini qəbul etmişdir | Banco.az

Mərkəzi Bankın sədri Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidentini qəbul etmişdir

Mərkəzi Bankın sədri Elman Rüstəmov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə bank sistemi ilə QDTİB arasında mövcud iqtisadi əlaqələr, o cümlədən Azərbaycan üzrə yeni Ölkə Strategiyasının (2015-2018) hazırlanmasına dair məsələlər müzakirə edilmişdir.

E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, habelə bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verdi. O, Bankın Azərbaycan maliyyə sektorunda iştirakını qeyd edərək, orta müddətli strategiyanın hazırlanmasının vacibliyini vurğuladı. Ölkənin iqtisadi hədəfləri və prioritetlərinin daha dəqiq müəyyənləşdirilməsi üçün davamlı kommunikasiya və əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olundu.

E.Rüstəmov Azərbaycanın son illərdə əldə etdiyi yüksək inkişaf tempi ilə qonaqları tanış edərək, son 10 ildə iqtisadiyyatın 3.4 dəfə artdığını, ölkənin yuxarı orta gəlirli dövlətə çevrildiyini vurğuladı. Davos forumunun qiymətləndirməsinə əsasən makroiqtisadi sabitlik üzrə Azərbaycanın dünyada ilk onluqda yer aldığını qeyd edən E.Rüstəmov ölkədə neft gəlirlərinin səmərəli istifadə olunması, infrastruktur, quruculuq işlərinin aparılması, regionların inkişaf etdirilməsi və Azərbaycanın kifayət qədər davamlı maqkroiqtisadi ehtiyatlara malik olmasını qonaqların diqqətinə çatdırdı.

Ən sərfəli kredit üçün müraciət et

Öz növbəsində QDTİB-in prezidenti İhsan Uğur Delikanlı 2014-cü ildə ölkəmizdə müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirdi. O, ölkəmizin qarşısında duran qısa və orta müddərti çağırışlara nəzər yetirərək QDTİB-in bu istiqamətlər üzrə Azərbaycanla birgə səyləri barədə fikir mübadiləsi apardı.

İhsan Uğur Delikanlı Bankın 2015-2018-ci illəri əhatə edəcək Azərbaycan üzrə strategiya sənədinin hazırlanması istiqamətində görüləcək işlər barədə məlumat verdi. O, Bankın Azərbaycanda bu günə qədər həyata keçirdiyi layihələr haqqında danışaraq maliyyə instutları ilə sıx əməkdaşlıq etdiklərini və gələcəkdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirdi.

Görüşdə həmçinin Mərkəzi Bank ilə QDTİB arasında əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.