Şirkətlərin keçmiş və indiki əməkdaşlarının iş şəraiti haqda anonim təəssüratlarını paylaşdığı “Glassdoor” saytı ən yaxşı iş şəraiti təqdim edən 50 şirkətin illik reytinqini dərc edib.
“lookatme.ru” saytına istinadən bildirilir ki, cari ildə “Google” ən yaxşı iş yeri seçilib. Sözügedən şirkətdə 8 il işləmiş keçmiş işçi yazır ki, internet nəhəngi öz əməkdaşlarına dünya səviyyəsində qulluq göstərir. Bundan əlavə, əməkdaşların dünyanın ən yaxşı istedadlarının yanında işləmək imkanı var.
"Səhər yuxudan oyandıqda çalışdığın şirkətin hava şarlarının köməyi ilə ucqar regionları internetlə təmin etməyə hazırlaşdığını eşitmək əla xəbərdir” – deyə şirkətin keçmiş əməkdaşı təəssüratlarını bölüşüb.
“Bain & Company” konsaltinq şirkəti reytinqdə ikinci pillədə qərarlaşıb. Burada işçilər çox gərgin, amma ruh yüksəkliyi ilə işləyirlər və keçmiş əməkdaşlar həmişə yeni işçiyə kömək edir. Üçüncü pillədə təkraredilməz korporativ mədəniyyətə malik “Nestlé Purina PetCare” şirkəti yer alıb.
İT sənayesinin ən nəhəng şirkətlərindən hesab edilən “Facebook” reytinqdə 13-cü, “Adobe” 18-ci, “Apple” 22-ci pillələrdə qərarlaşıb.