Azərbaycanın “Azər-Türk Bank” ASC-nin səhmlərinin 50%-i Türkiyənin “Ziraat Bankası”na məxsusdur. Bir neçə gün öncə Azərbaycanın Mərkəzi Bankı, “Ziraat Bankası”nın Azərbaycanda törəmə bankının təsis edilməsi ilə bağlı müraciət etdiyini açıqlamışdı. Bundan sonra, Bankın Azərbaycanda ortağı olduğu halda, nə üçün əlavə bank yaratması maraq doğururdu.
Banco.az-ın Fins.az-a istinadən xəbər verir ki, “Ziraat Bankası”nın İdarə Heyətinin sədri Hüseyin Aydın Azərbaycanda törəmə bankın yaradılması planına aydınlıq gətirib. O, “Azər-Türk Bank”dakı paylarını Azərbaycan tərəfinə sataraq Bank ilə yollarının ayrılacağını bildirib. Hüseyin Aydının “Azər-Türk Bank”ın ən son texnologiyanın tətbiqində geridə qaldığını deməsi də diqqəti çəkir.
“Bizim “Azər-Türk Bank”da 50% payımız vardı. Orta Asiya respublikaları müstəqillik əldə etdikdən sonra, o zamanki sədr Coşğun Ulusoy bütün bu ölkələrdə bank qurmuşdu. Qazaxıstanda 100% iştirak payımız ilə bizə aid bankımız var. Türkmənistan, Özbəkistan, Azərbaycanda 50-50-yə ortaq olmuşuq. Azərbaycandakı bankın texnologiyada çətinlikləri var, bazar çox yaxşı gedir, irəliləmək lazımdır. Amma bizim çox yaxşı bir performansımız yox idi. Birlikdə inkişaf etmək barədə oturub danışdıq, amma razılaşa bilmədik. Və dedik ki, ya alın, ya da biz alaq. Ən sonda razılaşdıq ki, olan bankı özləri alır, bizə də lisenziya verirlər”,- Hüseyin Aydın bildirib.
ARTIQ SATIB?
“Ziraat Bankası”nın İdarə Heyətinin sədrinin müsahibəsində “Azər-Türk Bank”da 50% payımız vardı” deməsi, artıq payın satıldığına və ya satılmağa başlanıldığına işarə edilə bilər.
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti, 25.05.1995-ci ildə “T.C.Ziraat Bankası” A.Ş. və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı tərəfindən təsis edilmişdir. “Azər-Türk Bank”ın hələ də rəsmi saytında verilən məlumata görə, Bankın səhmdarları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (50%), Türkiyə Respublikası Ziraat Bank (46,00 %) və Ziraat Bank Beynəlxalq Almaniyadır (4.00%).
SƏHMDARI DƏYİŞMİŞDİ
Qeyd edək ki, bir müddət əvvəl Bankın səhmdarları dəyişmişdi. Əvvəllər Bankın səhmdarları “T.C. Ziraat Bankası A.Ş”. (46%), “Aqrarkredit” (46%), “Ziraat Bank International” AG (4%) və “Turanbank” ASC (4%) olub. Səhmdar dəyişikliyindən sonra, bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (50%), Türkiyə Respublikası Ziraat Bank (46,00 %) və Ziraat Bank Beynəlxalq Almaniyadır (4.00%). Yəni, “Aqrarkredit” 46%-lik və “Turanbank”ın 4%-lik payı Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.
ADINI DƏYİŞƏ BİLƏR
Son proseslərdən sonra, yəni “Ziraat Bankası”nın “Azər-Türk Bank”ın səhmdarları sırasından çıxması ilə Bankın adını dəyişməsi də gündəmə gələ bilər.