Sığorta şirkətləri 31,5 milyon manat sığorta haqqı toplayıblar | Banco.az

Sığorta şirkətləri 31,5 milyon manat sığorta haqqı toplayıblar

Avqust ayında Azərbaycanın sığorta şirkətləri 31,5 milyon manat sığorta haqqı toplayıblar. Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verilən məlumata görə, ötən ay şirkətlərin həyata keçirdiyi ödənişlərin həcmi isə 25,6 milyon manat təşkil edib.

Yığımlarda “Azərsığorta” birinci olub

Avqust ayında 28 sığorta şirkəti arasında ən çox sığorta haqqını “Azərsığorta” DSKŞ toplayıb: 4 milyon 425 min manat. Bu, ümumi aylıq yığımların 14%-i qədərdir.
Yığımlarının məbləğinə görə 2-ci yerdə 3,55 milyon manatlıq göstərici ilə “Atəşgah Sığorta”, 3,18 milyon manatla “Azsığorta”, 2,73 milyon manatla “PAŞA sığorta”, 2,6 milyon manatla “Atəşgah Həyat” şirkəti qərarlaşıb.
Aylıq yığımlar baxımından ən pis vəziyyət isə hazırda fəaliyyəti dayandırılmış “Royal Sığorta” və praktik olaraq işləməyən “Çartis Azərbaycan” şirkətlərindədir. Bu iki şirkət ötən ay ümumiyyətlə sığorta haqqı toplamayıblar.
İşləyən sığortaçılar arasında ən az yığım isə “Azərqarant Sığorta”da olub – 360 manat. “Günay Sığorta” və “Era Trans” şirkətləri isə müvafiq olaraq 4,3 min manat və 18 min manat yığa biliblər. Ümumilikdə yığımların səviyyəsi 10 şirkətdə 1 milyon manatdan çox, 12 şirkətdə 100 min manatdan 1 milyon manata qədər, 6 şirkətdə isə 100 min manatdan az olub.

Ödənişlərdə “Atəşgah Həyat” lider olub

Sığorta ödənişlərinə gəlincə, bu məsələdə “Atəşgah Həyat” 15,4 milyon manatlıq məbləğdə lider olub. Buna səbəb şirkətin həyatın yaşam sığortasına dair bağladığı müqavilələrinin müddətinin başa çatmasıdır.
Sıralamada sonrakı yerlərdə 2,19 milyon manatlıq ödənişlə “PAŞA Sığorta”, 1,46 milyon manatla “Atəşgah Sığorta”, 1,13 milyon manatla “Azərsığorta”, 902 min manatla “Azsığorta” qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Ay ərzində 68 manat ödəniş edib

Aylıq ödənişlər baxımından da ən pis vəziyyət “Royal Sığorta”da, eləcə də “Azərqarant” sığortada olub. Bu şirkətlər avqustda ümumiyyətlə ödəniş etməyiblər. “Çartis Azərbaycan” isə bir neçə aylıq fasilədən sonra ötən ay müştərilərindən birinə 68 manat ödəyib. Normal fəaliyyət göstərən şirkətlər arasında ən az ödəniş isə “Qala Həyat”a məxsus olub – 3828 manat. Ümumilikdə ödənişlərin səviyyəsi 4 şirkətdə 1 milyon manatdan çox, 12 şirkətdə 100 min manatdan 1 milyon manata qədər, 12 şirkətdə isə 100 min manatdan az olub. 

5 şirkət yığdığından çox ödəyib

Avqustda yığılan hər 100 manat sığorta haqqının 81 manatı ödəniş kimi geri qayıdıb.
Aylıq ödəniş-yığım nisbətinin ən yüksək həddi məlum səbəbdən “Atəşgah Həyat”da olub – 6 dəfəyə yaxın. Bunundan başqa, avqust ayında daha 4 şirkətin ödənişləri  sığorta haqqından çox olub. Bunlar “A-Qroup” (ödəniş/yığım nisbəti 2,64 dəfə təşkil edir), “Günay Sığorta” (2,03 dəfə), “PAŞA Sığorta” (1,22 dəfə) və “Era-Trans” (1,01 dəfə) sığorta şirkətləri olub.
Normal fəaliyət göstərən şirkətlər arasında yığımına nisbətdə ən az ödəniş edən “Azərbaycan Sənaye Sığorta” olub. Şirkətin ay ərzində topladığı hər 100 manat sığorta haqqı müqabilində cəmi 32 qəpik ödəniş edilib. “Qala Həyat”ın da ödəniş səviyyəsi 1%-dən aşağı – cəmi 0,41% olub. 

Fins.az