Azərbaycanda İslam Bankçılığı istənilən səviyyədə inkişaf etməsə də, bir sıra banklar bu tip xidmətləri təklif edirlər. İslam Bankçılığının fərqləndirici xüsusiyyətlərinə aid edilir: sələmin qadağan edilməsi; maddi aktivin iştirakı (buna səbəb isə pulun satış obyekti kimi istifadə oluna bilməməsidir); şəffaflığın maksimal dərəcədə təmin edilməsi; İslam qanunlarına zidd olan fəaliyyətlə məşğul olmamaq (Maisir).
Azərbaycanda Nikoil Bank, Azərbaycan Beynəlxalq Bankı və Turan Bank İslam Bankçılığının bir sıra xidmətlərini təklif edirlər.
Nikoil Bank – Halal Banking
Nikoil Bank tərəfindən şəriət qaydalarına cavab verən xidmətə “Wadiah” bank xidməti aid edilir. Bu zaman “Wadiah” (saxlanc) hesabına yerləşdirdiyiniz vəsaitlər, bankın heç bir faiz əməliyyatlarında iştirak etməyəcək və bu hesabda bütün apardığınız mədaxil və məxaric əməliyyatları pulsuz olacaqdır. Xidmət ancaq fiziki şəxslər üçündür və əmanətin məbləğindən asılı olaraq müştəriyə MasterCard Standard və MasterCard Gold kartları hədiyyə verilir. Məbləğ cari hesabdan çıxarılırsa onda heç bir komissiya tutulmasa da, vəsaitin kartdan çıxarılması zamanı komissiya tutulur.
Turan Bank - İslam Bankçılığı
Turan Bank tərəfindən İslam bankçılığı çərçivəsində "Murabaha", "2 pilləli Murabaha" və "İjarə" kimi xidmətlər təklif edir. “Murahaba” ticarət müqaviləsi, “İjarə” isə bank tərəfindən daşınar və ya daşınmaz əmlakın alınması və İcarəalana müəyyən olunmuş müddətə ödənişli əsaslarla icarəyə verilməsidir. Bankın ümumilikdə IDB-dən (Islamic Development Bank) islam maliyyələşməsi istiqamətində əldə etdiyi vəsaitin ümumi həcmi 13,8 mln. ABŞ dolları məbləğindədir. Bankın əsas hədəflərindən biri 2015-ci ilə qədər pərakəndə islam bankçılığı məhsullarının bazara çıxarmaqdır.
Azərbaycan Beynəlxalq Bankı – İslam Pəncərəsi
Azərbaycan Beynəlxalq Bankı da İslam Bankçılığı çərçivəsində fəal şəkildə bir sıra xidmətlər təklif edir ki, bu xidmətlərə daşınar və daşınmaz əmlakın icarəsi, Qard Hasan Cari hesabı, Vakala depozitləri, Jasmine Card və Qibla Card kimi xidmətlər daxil edilir.
"Qard Hesab" cari hesabını həm fiziki, həm də hüquqi şəxslər aça bilərlər. “Qard Hasan” hesabına pul mədaxil edilə, kommunal xidmətlərin, kreditlərin ödənilməsi və eləcə də pul vəsaitlərinin köçürülməsi kimi əməliyyatlar həyata keçirilə bilər. Hesabdakı məbləğ istənilən vaxt nağdlaşdırıla bilər.
Bank tərəfindən həm də "Vakala" depoziti təklif olunur ki, onun da müddəti 3 aydan 10 ilə qədər dəyişə bilir. “Vakala” əmanət hesabında yerləşdirilən məbləğ yalnız İslam qanunvericiliyinə cavab verən bank əməliyyatlarında istifadə olunur və müddətindən asılı olaraq faiz dərəcələri tətbiq olunur.
"Jasmine Card" VİSA Classic bazasında hazırlanmışdır və xüsusi çiçək qoxusu ilə yalnız qadınların istifadəsi üçün yaradılmışdır. Kartı debet kart kimi, həm də bank tərəfindən müəyyən edilmiş borc limiti çərçivəsində istifadə etmək olar.
"Qibla Card" isə MasterCard Platinum bazasında yaradılmış və onu digər kartlardan fərqləndirən cəhət Qiblənin təyin edilməsi üçün xüsusi elektron qiblə-kompasın yerləşdirilməsidir.