Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 283,3 mln. manat sığorta haqqı yığılıb.
Verilən xəbərə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.
O bildirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 mln. manat və ya 6,6 faiz çoxdur.
“Bu ilin səkkiz ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 103,5 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 25,7 mln. manat və ya 33 faiz çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,6 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-avqust aylarında 29,3 manat olub”-,deyə o qeyd edib.
O bildirib ki, həyat sığortası bazarında ödənişlər 7 dəfədən çox artıb:
“Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanan sığorta haqqlarının 24,6 faizi və ya 69,8 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 25,2 milyon və ya təxminən 56,5 faiz böyüyüb.
Bu müdddətdə həyat sığortası üzrə keçirilmiş sığorta ödənişlərinin məbləği isə 20,4 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 19,7 faizini təşkil etməklə ötən ilin eyni dövrünə nisbətən 17,7 mln. manat və ya 7,4 dəfə çoxdur.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 29,2 manat ödəniş həyata keçirilib. Ötən ilin eyni dövründə bu göstərici 6,2 manat olub”.
O qeyd edib ki, qeyri- həyat sığortası bazarı 3,4 faiz azalıb.
“Hesabat dövründə sığorta haqqlarının 213,5 mln. manatı və ya 75,4 faizi qeyri- həyat sığortasının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 7,6 mln. mnat və ya təxminən 3,4 faiz azalıb.
Bu müddətdə sığorta bazarındakı ödənişlərin 80,3 faizi və ya 83,1 mln. manatı qeyri-həyat sığortasının payına düşüb. Bu da ötən ilin eyni dövrünə niabətən 8 mln. manat və ya təxminən 10,7 faiz çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 38,9 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-avqust aylarında 34,9 manat olub”,-ASA sədri qeyd edib.
O bildirib ki, yanvar -avqust aylarında sığorta haqqlarının 65,2 faizi və ya 184,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz və ya 9,4 mln. manat çoxdur.
Gün.Az