Tələbəlik həyatına başlayanların bilməli olduğu 8 şey | Banco.az

Tələbəlik həyatına başlayanların bilməli olduğu 8 şey

Müəllif: Orxan Rza

Minlərlə gənc dostumuz bu gündən sonra həyatlarında yeni bir mərhələyə qədəm qoyacaq. Bu dövr maraqlı və əyləncəli olmaqla yanaşı, həm də məsuliyyətli bir dövrdür. Tələbələr bu baxımdan çox diqqətli olmalıdırlar. Təhsil aldığınız bir neçə ildə siz peşə biliklərinə yiyələnən, şəxsi inkişafa nail olan, dünyagörüşünü ciddi surətlə artıran bir şəxsiyyətə də çevrilə bilərsiniz, yaxud da şalvarınızın arxa cibində yumrulanmış bir dəftərlə 4-5 ili yola verə bilərsiniz.

Mən özüm də daxil olmaqla, bir çox dostlarımdan bunu eşitmişəm ki, “vaxtında bizə yol göstərən olmayıb”, “məsləhət verən olmayıb”. Doğrudur, istər bakalavr, istərsə də magistr təhsili aldığım dövrdə kifayət qədər şey öyrəndim, amma indi geriyə baxdıqda nə qədər şansları əldən qaçırdığımı da rahat görə bilirəm. Hansı ki, ali məktəbə başlayanda mənə bunu ətraflı izah edən olsaydı, indiki bilik və təcrübəmin, dünyagörüşümün 2-3 qatına sahib ola bilərdim.

Eyni problemlərlə üzləşməməyiniz üçün, gələcəkdə peşman olub, “vaxtında başa salan olmadı” deməməyiniz üçün öz təcrübəmdən, öz gördüklərimdən bəzilərini, faydalı ola biləcək məsləhətləri qeyd edirəm. Əmin olun ki, qeyd edilənlərə əməl etsəniz bu, sizin şəxsi inkişafınıza həddən artıq müsbət təsir edəcək və bütün həyatınız boyu sizə yardımçı olacaq:

1.  Gündəlik yaşam tərzinizi sistemli qurun!

Aşağıdakı bəndlərdə qeyd edilənlərə nail olmaq istəyirsinizsə, bu mövzuya diqqət etməlisiniz. İlk tədris günündən etibarən sistem qurun, səhər günəş doğmazdan öncə oyanın. Dərs və ya əlavə əbəbiyyat oxuyun, idmanla məşğul olun və ya hanısa görülməli işinizi həll edin. Axşam yatmaq vaxtını təyin edin. Doğrudur, xanımlar üçün türk seriallarına baxmaq, oğlanlar üçün isə Çempionlar Liqasının və ya Qarabağ klubunun Avroliqada oynayacağı səfər oyunlarına baxmaq önəmlidir, ancaq inanın, şəxsi inkişafa nail olmaq, gələcəkdə istədiyiniz həyatı qurmaq üçün serialı da, Çempionlar Liqasını da qurban verməyə hazır olmalısınız. İkinci növbə dərsə gedəcək olan tələbələrdən kimlərsə saat 11’dək yatmağı planlaşdırırsa, yazının burdan sonrakı hissəsini oxumasın. Çünki oxusa da ona bir faydası olmayacaq. Uğur qazanmaq üçün ilk növbədə gündəlik yaşamınızı tənzimləməlisiniz.

2. Günə bir saatlıq mütaliə ilə başlayın!

Səhər günəş doğmadan öncə oyandınız. Gününüzün ilk bir saatını mütaliəyə həsr edin. Və bu, müəllimin verdiyi ev tapşırığı olmasın. Mütəxəssislər qeyd edir ki, hər gün bir saatlıq mütaliə ilə günə başlamaq insana əlavə enerji verir, düşünmək qabiliyyətini gücləndirir, gün ərzində insanı pozitiv olmağa yönəldir.

3. İngilis dilini elə öyrənin ki…

İngilis dili – xarici dil… yox, düşünürəm ki, indiki dövrdə ingilis dilin xarici dil adlandırmaq doğru deyil bəlkə. Xarici dil ispan, alman, yapon, portuqal dillərdir. İngilis dilini bu dillərlə eyni səviyyədə tutmaq doğru olmaz. Bu dili ana dili kimi öyrənməyə çalışın. Hansı ixtisasa sahib olursunuz olun, hansı istiqamətdə karyeranızı qurursunuz qurun, ingilis dilini mükəmməl öyrənin. Çünki zaman bunu tələb edir, “Uğur” adlanan malikanənin qapılarından birinin açarı “ingilis dili”dir. Tələbə olduğunuz dövrdə bunu hiss edəcəksiniz, amma tələbəlik həyatı bitdikdən sonra bunun nə qədər əhəmiyyətli olduğunu daha çox  anlayacaqsınız. Odur ki, vaxt itirmədən elə indi ingilis dili səviyyənizi artırmağa başlayın.

4. Seminarlara, konfranslara qatılın!

Tələbəlik zamanı ən yaxşı vaxt sərf edəcəyiniz yerlərdən biri də seminarlara, konfranslara, treyninqlərə qatılmaqdır. İl ərzində onlarla belə tədbir keçirilir. Çalışın ki, ixtisasınızla, gələcək peşənizlə əlaqədar olan belə tədbirlərdən heç birini qaçırmayasınız (ən azı pulsuz olanları). Bu kimi tədbirlərdə eşitdikləriniz, gördükləriniz özünüzü inkişaf etdirmək üçün əvəzsiz rola malikdir. Siz bu tədbirlərdə yeni bilgilər əldə etməklə yanaşı yeni dostlar, gələcək üçün yeni partnyorlar, iş ortaqları və s. da qazanacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

5. İctimai Birliklərə, gənclər təşkilatlarına qoşulun / Özünüz yaradın!

Hazırda ölkədə yüzlərlə gənclər təşkilatları, İctimai Birliklər fəaliyyət göstərir. O cümlədən ali məktəblərin də özünün gənclər təşkilatları mövcuddur. Təhsilə başladığınız ilk günlərdən belə təşkilatlarla maraqlanın, fəaliyyətini, təşkil etdikləri tədbirləri bəyəndiyiniz birliklərə, təşkilatlara üzv olun, keçirdikləri tədbirlərə qatılın, təşkilatçılığında iştirak edin. Bu, sizin şəxsi inkişafınıza önəmli təsir edəcək. Hətta beynininzdə olan, sizə maraqlı gələn, lakin həmin sahə üzrə məşğul olan təşkilat tapa bilmirsinizsə, həmin təşkilatı özünüz yaradın. Bundan çəkinməyin. Uğursuz olacağından, qeyri-peşəkar olacağından və s. qorxmayın. Heç kim doğulandan təşkilatçılıq, liderlik qabiliyyətinə malik olmur. İlk addımı atın!

6. Özünüzə, gələcəyinizə yatırım edin!

Əvvəllər iş tapa bilməyən insanlar (həmçinin tələbələr) eyni şeyi deyirdi ki, yaxşı iş tapmaq üçün gərək “day-day” olsun, tanışın olsun və ya pulun olsun, biliyə, savada baxan yoxdu (Bəli, əvvəllər belə hallarla tez-tez rastlaşmaq olurdu, yəni deyilən arqument o qədər də yanlış deyildi). Amma indi – bugünkü gündə o tip işədüzəlmə çox az həddə qalıb. İndi sən öz biliyinə, bacarığına güvənirsənsə yaxşı iş tapa bilərsən. Lakin onu əldə etmək üçün həqiqətən də o yerə layiq olduğunu göstərməlisən. Bunun üçün isə təhsil müddətində (və ümumiyyətlə təhsildən sonrakı dövrdə də) şəxsi inkişaf üçün vəsait xərcləyin. Yuxarıda qeyd etdiyim kimi, pul verib, seminarlara, təlimlərə qatılın, mütəmadi olaraq kitablar alıb, oxuyun, audio, video dərslər alın və s. Qısacası, özünüzə, gələcəyinizə yatırım edin!

7. Sağlamlığınıza diqqət edin!

Təhsil müddətində tələbələrin (xüsusən regionlardan Bakıya gələn tələbələrin) qarşılaşdıqları problem qidalanmaqla bağlı olur. “Fast-Food”larda qarnınızı doyurub, dərsə getməyin. Həftədə bir-iki dəfə tələbə yoldaşlarla, dostlarla şəhərdə oturub, nəisə yemək, içmək olar. Amma gündəlik qidalanmağınızı dönərə, KFC’nin toyuqlarına etibar etsəniz sağlamlığınızla bağlı ciddi problemlərlə qarşılaşa bilərsiniz. (“I’m at KFC” deyə check-in etmək üçün gedin, onu demirəm, amma bunu hər gün etsəniz təkcə sağlamlığınızı yox, Foursquare izləyicilərinizi də narahat edəcəksiniz :) )

8. Valideynlərinizə “Uf” belə, deməyin!

Tələbəlik həyatına başlayan gənclərin bәzilәrindә ailə problemləri yaranır, bəzə isə bu, ailədaxili böyük narahatçılıqlara səbəb olur. Əlbəttə ki, tələbəlik həyatına başladıqdan sonra siz daha rahat, daha sərbərt olmalısınız, valideyn nəzarəti üzərinizdə əvvəlkindən qat-qat az olmalıdır, özünüz sərbəst qərarlar verməlisiniz. Amma valideynlər buna icazə verməyəcəklər. Daima sizin işlərinizə qarışacaq, sizə yol göstərəcək, nəyi edib, nəyi etməməyi başa salacaqlar. Zəmanə dəyişir, texnologiya inkişaf edir, valideynlərimizin önəmli bildiyi bəzi şeylər indiki dövrdə əhəmiyətini itirib və ya onlara təhlükəli, yaxud lazımsız görünən bir çox şeylər artıq dəyişib. Və təbii olaraq, bəzi şeyləri siz öz düşündüyünüz kimi etməlisiniz və elə də edin. Ancaq burda bir şeyi unutmayın ki, qarşınızdakı sizin valideynlərinizdir, onlar yalnız sizin yaxşılığınızı düşünür və yaxşı olduğunu zənn etdikləri üçün sizə o şeyləri məsləhət görürlər. Əgər yanlış düşünürlərsə, bunu onlara anlayışla, səbrlə, sevgiylə başa salmalısınız. Valideynlə münsibətlərə çox diqqət edin.

Tələbəlik həyatı insan həyatının çox bərəkətli dövrüdür. Gələcəkdə arzuladığınız xoşbəxt, ideal həyatı qurmaq üçün məhz indidən başlmalısınız, əzmkarlırqla, sistemli və səbrli fəaliyyətlə tələbəlik illərindən maksimum yararlanmalısınız. Bu 4-5 il həyatınızda bir daha əlinizə düşməyəcək olan, əlverişli bir dövrdür. Odur ki, fəaliyyətə keçin! Uğurlar!

Mənbə: http://orkhanrza.com/