Sığorta işçiləri üçün YENİLİK | Banco.az

Sığorta işçiləri üçün YENİLİK

Azərbaycanda fəaliyyət göstərən sığorta agentləri bu ildən etibarən Maliyyə Nazirliyinə hesabat verməyə başlayacaqlar. Bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) məlumat verilib.

Hesabatda sığorta agentləri həmin dövrdə əməkdaşlıq etdikləri sığorta şirkətləri, hansı sığorta növü üzrə neçə müqavilə bağladıqları, topladıqları sığorta haqları və onlara ödənilən komissiona haqları barədə məlumatları göstərməlidirlər.

Qeyd edək ki, Maliyyə Nazirliyinin 27 mart 2014-cü il tarixli, “Sığorta fəaliyyəti sahəsində bir sıra məsələlərin tənzimlənməsi haqqında” Qərarına əasən sığorta agentləri ildə 4 dəfə hesabat verməlidir. Hesabat hər rübün 1-ci ayının ilk 20 günü ərzində təqdim olunmalıdır və agentlərin ilin əvvəlindən bəri fəaliyyətini əks etdirməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Başqa sözlə, sığorta agentləri 1-cü rübdəki fəaliyyətin nəticələri üzrə aprelin 1-dən 20-dək, ilk yarım ilin nəticələri üzrə iyulun 1-dən 20-dək,  ilk 9 ayın nəticələri üzrə oktyabrın 1-dən 20-dək, nəhayət əvvəlki ilin nəticələri üzrə yanvarın 1-dən 20-dək Maliyyə Nazirliyinə hesabat verməlidirlər.

İlk dəfə olaraq belə hesabat bu il təqdim edilməlidir - sığorta agentləri 2014-cü ilin ilk 9 ayının nəticələri ilə bağlı oktyabrın 1-dən 20-dək hesabat verəcəklər.

fins.az