Sığortaçılar Facebookdan necə qazanır? | Banco.az

Sığortaçılar Facebookdan necə qazanır?

Sosial şəbəkələrdən, xüsusilə də Facebook-dan kütləvi istifadə biznes qurumlarının, kommersiya şirkətlərinin də buraya marağını artırıb. Bu tendensiya sığorta bazarından da yan ötməyib. Artıq əksər sığorta şirkətlərinin Facebook-da öz rəsmi səhifələri var. Bəzi şirkətlər isə Facebook vasitəsilə satışlara başlayıblar.

"Alfa Sığorta": "İndiyədək Facebook-la 1500 manatlıq satışımız olub"
Ölkənın  sığorta şirkətləri arasında Facebookun aktiv istifadəçilərindən biri "Alfa Sığorta"dır. Şirkətin marketinq departamentinin direktoru Samir Güləhmədzadə bildirib ki, "Alfa Sığorta" hər gün Facebook vasitəsilə hər gün müştərilərindən 25-30 məktub alır: "Doğrudur, Facebook vasitəsilə satışların həcmi hələ azdır - indiyədək 1500 manata yaxın satış həyata keçirilib ki, bu da ümumi satışların cüzi hissəsidir. Amma artım sürəti böyükdür. Son vaxtlar Facebook  vasitəsilə müraciətlər kəskin artıb". Müraciətlər müxtəlif sığorta məhsulları barədə olur. Facebook istifadəçiləri ən çox KASKO sığortası, tibbi və səyahət sığortaları barədə məlumatlarla maraqlanırlar.

“Başak İnam”: “Facebook səhifəmiz bizim virtual ofisimizə çevrilib"
Azərbaycanın sığorta şirkətləri arasında sosial şəbəkələrdən ən aktiv istifadə edən “Başak İnam”dır. Şirkətin nəinki Facebook-da, hətta Linkedin, Twitter, Painterest, Google sosial şəbəkələrində də rəsmi səhifələri var. “Başak İnam”ın biznesin inkişaf departamentinin direktoru Hikmət Allahverdi bildirib ki, "Facebook” səhifəsi  sırf satış məqsədilə deyil, müştəri xidməti kimi fəaliyyət göstərir: “Bizim səhifədə müştərilərin şikayətləri, iş müraciətləri, məlumatlandırma və s. həyata keçirilir. Demək olar ki, tam virtual ofisimizdir”.
H. Allahverdi  gün ərzində sosial şəbəkələr vasitəsilə 25-30 müraciətin daxil olduğunu deyib:“Bu vasitə ilə gün ərzində 5-10 müştəri satışla bağlı müraciət edir. Facebook səhifəmizdə hətta kampaniya da keçirdik, ordan bizə müştəri qismində müraciət edənlərə 15 % endirim edirdik”
Sosial şəbəkədən müraciət edən müştərilər daha çox kasko və səyahət sığortası alırlar. H.Allahverdi hesab edir ki, KASKO sığortanı populyar olduğuna görə, səyahət sığortası isə əvvəldən bir çox şirkətlər tərəfindən online təqdim edildiyindən tez-tez xarici səfərə gedənlər internet vasitəsilə almağa üstünlük verirlər.

“Meqa sığorta”:“Cərimələrin artması avtomobilin icbari sığortasının satışını artırıb”
“Meqa Sığorta” şirkəti də Facebook, Twitter, Linkedin şəbəkələrindən istifadə edir. Şirkətin marketinq departamentinin əməkdaşı Fatimə  Hüseynova deyib ki, sosial şəbəkələrdə əsasən “Meqa” sığorta şirkətinə aid olan məlumatlar, yeniliklər, sığorta məhsulları, sığorta bazarı ilə bağlı informasiyalara yer verilir. Fatimə  Hüseynova “Facebook” vasitəsilə indiyədək 3-4 sığorta məhsulu satdıqlarını deyib: “Müştərilər əsasən icbari sığorta ilə bağlı müraciət edirlər. Bu da cərimələrin artırılması ilə bağlıdır. Tibbi sığorta məhsulu ilə də maraqlananlar çoxdur”

Ən sərfəli kredit üçün müraciət et

“Paşa sığorta”: “İndiyə qədər 50-yə qədər sığorta məhsulu satmışıq”
“Paşa sığorta” şirkətinin marketinq departamentindən bildirilib ki, şirkətin Facebook və Linkedin  şəbəkələrində rəsmi səhifələri fəaliyyət göstərir. Səhifədə sığorta şirkəti ilə bağlı yeniliklər, yeni məhsullar haqqında məlumatlar yerləşdirilir, şikayət və təkliflər qəbul edilir və nəzərə alınır. Marketinq departamentindən onu da bildiriblər ki, gün ərzində Facebook üzərindən sığorta məhsulları ilə bağlı 4-5 nəfər  müraciət edir: “İndiyə qədər isə 50-yə yaxın sığorta məhsulu satılıb. Bunun 70 faizi avtomobilin icbari və kasko sığortası, 30 faizi isə əmlak sığortası ilə bağlı olub”.

“AXA MBASK”: “Sosial şəbəkələrdən istifadə etmirik”
“AXA MBASK” sığorta şirkəti isə sosial şəbəklərdən istifadə etmir. Şirkətin əməkşadı Rəşid Rəsulov şirkətin sosial şəbəkələrdə rəsmi səhifəsinin olmadığını bildirib. O bildirib ki, ayrı-ayrı sığorta agentlərinin sosial şəbəkələrdə səhifələr yaradıblar və satışı bu vasitə ilə həyata keçirirlər.

“Atəşgah”: “Facebook-la müraciət edən müştəriyə sığortanı elektron formada göndərdik”
“Atəşgah” sığorta şirkəti daha çox Facebook-dan istifadə edir. Şirkətdən bildirilib ki, sosial şəbəkədə vakansiyalar, sığorta bazarına aid xəbərlər, kompaniyalar  haqqında məlumatlar yayımlanır. Sığorta şirkətinə ünvanlanan müxtəlif müraciətlər cavablandırılır: “Məsələn, bizim müştərimiz Avropada olarkən səyahət sığortasını itirmişdi.Facebook-dan müraciət etdi, səyahət sığortasını elektron formada ona göndərdik”. Şirkətdən verilən məlumata görə, rəsmi səhifə vasitəsilə gün ərzində 5-7 müraciət qəbul olunur. Indiyə kimi 20-30 sığorta məhsulu satılıb. Müştərilər daha çox səyahət və avtomobilin icbari sığortasını alırlar.

fins.az