Mərkəzi Bank institusional müstəqilliyi artıracaq | Banco.az

Mərkəzi Bank institusional müstəqilliyi artıracaq

Azərbaycan Mərkəzi Bankı (AMB) monetar siyasətin həyata keçirilməsi üçün institusional müstəqilliyə və effektiv vasitələrə ehtiyac duyur.

"Standard & Poor's" beynəlxalq reytinq agentliyinin reytinq qiymətləndirilməsinin təsdiqi üzrə hesabatında qeyd olunur ki, hal-hazırda ölkədə pul və bank sistemi kifayət qədər inkişaf etməyib və zəif idarəetmə və anderraytinq standartları ilə fərqlənir.

"2013-cü ildə milli valyutanın məzənnəsi daha çevik olsa da, Mərkəzi Bank onun ABŞ dollarına bağlılığını qoruyub saxlayır. Biz pul siyasətinin transmissiya mexanizmini zəif olaraq qiymətləndiririk. Eyni zamanda biz dollarlaşmanın səviyyəsinin azalması və milli valyutanın - manatın mövqeyinin möhkəmlənməsi ilə ortamüddətli perspektivdə pul transmissiya mexanizminin daha da yaxşılaşacağını düşünürük. Mərkəzi Bankın bu yaxınlarda atdığı növbəti addım - ölkə banklarının istehlak kreditləşməsinə məhdudiyyət qoyması da öz növbəsində monetar siyasətin çevikliyinin artmasına səbəb ola bilər", deyə S&P qeyd edir.

Xatırladaq ki, 2013-cü ilin sonunda AMB banklardan istehlak kreditlərinin verilməsi üzərində nəzarəti gücləndirməyi tələb etdi. Tənzimləyici orqan banklara məktubla müraciət edərək, iş yerindən arayış olmadan kredit verilməsinin qadağan olunduğunu bildirdi. Bundan əlavə, avtomobil alışı üçün verilən kreditlərə qarşı tələblər də ciddi şəkildə sərtləşdirildi. Ekspertlərin fikrincə, bu addım kreditləşmənin bu növü üzrə bank sektorunun portfelinin keyfiyyətinin pisləşməsi ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat müəllifləri daxili kapital bazarlarının "dar" və lazımi səviyyədə inkişaf etməmiş olduğunu qeyd edirlər.

"Biz hesab edirik ki, yaxın 4 il ərzində ölkənin ən böyük bankı, eləcə də hökumət üçün şərti öhdəliklərin potensial mənbəyi hesab olunan və aktivləri bank sisteminin ümumi aktivlərinin 35%-ni təşkil edən Azərbaycan Beynəlxalq Bankı (ABB) əvvəlki kimi kapital axını əldə edəcək. Eyni zamanda, son illər istehlak kreditləşməsinin artım tempinin əhəmiyyətli dərəcədə sürətləndiyi nəzərə çarpsa da, 2014-cü ildə bu tempin zəifləyəcəyi və bununla da, maliyyə sistemi üçün risklilik dərəcəsinin azalacağı gözlənilir", agentliyin hesabatında deyilir.

Hal-hazırda Azərbaycanda aktivlərinin həcmi ümumilikdə 22,14 mlrd. manat təşkil edən 44 bank fəaliyyət göstərir.

2014-cü ilin yanvar-may aylarında Azərbaycan bankları iqtisadiyyatın kreditləşməsini ötən il analoji dövrü ilə müqayisədə 23,8% artırdılar. Mərkəzi Bankdan verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının kredit portfeli xüsusi çəkisi 34,3% olmaqla, 5700 mln. manat təşkil edib. Özəl banklara isə xüsusi çəkisi 62,8% olmaqla, 10425,5 mln. manat məbləğində kredit verilib. Yerdə qalan 2,8% isə qeyri-bank kredit təşkilatlarının payına düşür. Belə ki, sözügedən təşkilatlara 469,8 mln. manat məbləğində kredit verilib.

Sevinc İbadova/Banco.az